Ey vətən oğulları!
EY VƏTƏN OĞULLARI!
Ey Vətən oğulları! Çalın zəfər zəngini, Bu torpağın səsinə, sorağına çevrilin! Yandırın işıqları yurdun kəhkəşanında, Gözümüzün nuruna, çırağına çevrilin!
Son nöqtəsi qoyulsun kədərin də, yasın da, Analar saç yolmasın oğulların yasında. Eşqiniz rəngə dönsün rəssamın fırçasında, Şairin qələminə, varağına çevrilin!
Haqq özü şölə salsın həqiqətin yoluna, Millətimiz dönməsin əsarətin quluna. Qolu kəsilənlərin qanadına, qoluna, Ayaq itirənlərin ayağına çevrilin!
Kökümüz baltalandı, soyumuz harda qaldı, Torpağımız, havamız, suyumuz harda qaldı. Yas dalınca yas gəlir, toyumuz harda qaldı, Körpəsiz anaların qundağına çevrilin!
Kəsin bəndi-bərəni, aşın dağı-dərəni, Qalxın Çənlibellərə, çəkin dəli nərəni. Tanrım darda qoymasın əri, mərdi, ərəni, Dağ kimi duranların dayağına çevrilin!
Gələn uğurlu səhər, sökülən dan eşqinə, Dizin-dizin sürünüb üzülən can eşqinə, Göydə Allah eşqinə, yerdə insan eşqinə, Ordunun silahına, yarağına çevrilin!
Sinəmiz nişandadı, düşmən kəsib qarşını, Yağılara verməyin bir qarışı, arşını. Oxuyun bir ağızdan istiqlalın marşını, Qələbənin, zəfərin bayrağına çevrilin!
Ey Vətən oğulları! Bu gün əlimdə qələm, bu gün sinəmdə dəftər, Sizin haqqınızdadır, Yaralı ürəyimdə yaralanmış bir əsər! Sizin kəsərinizdir sözümdəki güc, kəsər! Sizin işığınızdır üzümə doğan səhər! Səs səsə verək bu gün, Bu xalqın xidmətində mən bir şair, siz əsgər! Mənim misralarımı Düşmənin ürəyinə atın güllə yerinə, Mənim sətirlərimi Düşmənin sifətinə çırpın şillə yerinə! Mənim şeirlərimi Qələbə çalanların ayaqları altına Atın çiçək yerinə! Vətən çağırır sizi! Qoy heç kəs sinəsində Qara daş gəzdirməsin duyan ürək yerinə!
Ey Vətən oğulları! Öndə güllə yağışı, arxada Vətən durur! Qoruyun zəmiləri, qoruyun sünbülləri, Biçilməmiş zəmidə döyülməmiş dən durur! Torpağı ana kimi, daşı sevgili kimi, Yurdun hər qarışını ağzında dili kimi, Qoruyanın, sevənin adı, sanı, şöhrəti Tarix kitablarında tarixlərlə tən durur!
Ey Vətən oğulları! Allahdan aşağıda mənim allahımsınız! Orduları sarsıdan gücüm, silahımsınız!
Sizi qalib görəndə mən şahlıq taxtındayam! Sizi məğlub görəndə, Dözülməz ağrımsınız, çəkilməz ahımsınız!
Ey Vətən oğulları! Bu Vətən nələr görüb? Hər dəfə göz açanda, Oğlunu şəhid görüb, qızını mələr görüb. Bu xalqın, bu millətin hər evinə yas düşüb, Bu gün onun bəxtinə Ölümə ölüm düşüb, qisasa qisas düşüb. Qonşu müxənnət çıxıb, dostu yağıya dönüb, Ağılar deyə-deyə ömrü ağıya dönüb.
Ağlamazdım, Gülərdim, ağlamazdım. Bilsəydim vəfan buymuş, Sənə bel bağlamazdım.
Bu, anamın səsiydi, bu, atamın səsiydi, Oğluna güllə dəymiş hər adamın səsiydi!
Tüstünün, dumanın içindən çıxıb, Bu səs qan qoxuyur, zəhər dadırdı. Yol üstə boynunu bükən analar, Yaralı ceyranı xatırladırdı.
Nifrətə çevrilib, qəzəbə dönüb, Qılıncdan gəlirdi, qından gəlirdi. Qanı tökülənin ahı-naləsi İlikdən, damardan, qandan gəlirdi. Haqqın yaxasından yapışmaq üçün, Allaha tutmuşdu üzünü bu səs. Bizim səsimizi kimdi batıran, Bilmək istəyirdi düzünü bu səs.
Eşidə bilmirsə ana səsini, Göylər göylüyünü qoy yerə qoysun. Allah götürərmi, intiqamımı Bu tarix, bu zaman məhşərə qoysun.
Allah qoy əl çəksin allahlığından, Bu zülmü görməyə gözü yoxdusa, Haqq ilə nahaqqı yerbəyer edib, Zalıma deməyə sözü yoxdusa!
Dözüm çox yaxşı şeydi, onun da bir həddi var, Səbir çox yaxşı şeydi, onun da sərhəddi var. Bu xalqın yaddaşında, Bir görün neçə-neçə qanlı 37-i var! Bizi kimlər gətirdi göylərin qəzəbinə, Dözməyin bir millətin bu qədər əzabına!
Gözümüz yumulub bu gerçəkliyə, Duya bilməmişik səbrin səsini. Niyə unutmuşuq, görəsən niyə, Səbrin qəbir ilə qafiyəsini?
Qəbrə çağırırmış, sən demə bizi Səbrə çağıranlar, dözüm deyənlər. Gözünü tökürmüş xalqın, millətin, Yalandan Vətənə gözüm deyənlər!
Dünya bizdən ötrü fil qulağıymış, Yatdıqca sozalıb yatmışıq elə. Dərs verə bilmədi dərdimiz bizə, Batdıqca günaha batmışıq elə.
Vətən oğulları, vətən qızları, Deyəsən çox şeyi tərs öyrənmişik. Qonşular cəsarət dərsi keçəndə, Biz dözüm haqqında dərs öyrənmişik.
Qasırğa qalxanda keçər demişik, Tufana dözmüşük, selə dözmüşük. Zəngəzur gedəndə səbrə güvənib, Göyçə boşalanda belə dözmüşük.
Əgər öyrəndinsə vətənsizliyə, Dənizdən balığın yoxa çıxacaq. Başının üstündən çəkiləcək göy, Göylərdən xalıqın yoxa çıxacaq!
Meşədə palıdın yıxılan kimi, Ordu dağılacaq, qoşun gedəcək. Ürəkdən təpərin, candan qeyrətin, Başından kamalın, huşun gedəcək.
Qılınc ol, polad ol, dəmir ol, daş ol, Ağlama, sızlama, kövrəlmə, millət! Yaxınlaş, doğmalaş, sıxlaş, dəmirləş, Dağılma, sökülmə, seyrəlmə millət! Təbrizsiz qalmağa öyrəndin, yetər, Dərbəndsiz qalmağa öyrəndin, yetər, Göyçəsiz qalmağa öyrəndin, yetər, Şuşasız qalmağa öyrənmə millət! Laçınsız qalmağa öyrənmə, millət! Vətənsiz qalmağa öyrənmə, millət!
Üç yüz ildən çoxdu ki, Üz-üzə dayanmışıq, Tülkünün quyruğuyla, canavarın dişiylə. Üz-üzə dayanmışıq, Pəncəsi gödən sökən qocalmış bir ayının Allahsız iştahıyla, amansız vərdişiylə!
Ey Vətən oğulları! Ayının pəncəsini əzmək vəzifəsini, Tülkünün quyruğunu kəsmək vəzifəsini,
Canavarın dişini qırmaq vəzifəsini, Çaqqalların boynunu burmaq vəzifəsini Sizə tapşırıb Vətən! Tarixin səhnəsinə kişi kimi gəlməyi, Kişi kimi yaşayıb, kişi kimi ölməyi, Sizə tapşırıb Vətən!
Bu tapşırıq sizlərə Quranın ayəsidir, Bu tapşırıq sizlərə, “Torpağı qoru" – deyən babaların səsidir! Bu tapşırıq kəskindir sıyrılmış xəncər kimi, Bu tapşırıq böyükdür “Allahu-əkbər" kimi!
Ey Vətən oğulları! Qoruyun bu torpağı! Bu, elə nemətdi ki, Yamyaşıl çəməni də, sapsarı şoranı da, Qupquru səhrası da, dağı da, aranı da, Gözümüzün giləsi, ağzımızın dadıdır. Qorunmasa bu torpaq, Ananın ah-naləsi, atanın fəryadıdır! Qorunmasa bu torpaq, Şikəst olmuş körpədir, yazıq olmuş qocadır, Odu sönmüş ocaqdı, tüstüsüz bir bacadı! Əsir düşən oğuldu, yasa batmış gəlindi. Qorunmasa bu torpaq, Millətlərin içində “mən də millətəm” deyib, Dövlətlərin içində “mən də dövlətəm” – deyib, Yaşa görüm, gəl indi! Alınmasa bu torpaq – dil gödək, baş aşağı, Yediyin çörək zəhər, su zəhrimar, aş ağı! Alınmasa bu torpaq – üz qara, göz kölgəli, Allahın işinə bax, Özgənin hesabına Yurdsuzlar yurddaş olur, ölkəsizlər ölkəli!
Qorunmasa bu torpaq Qanımız bahasına, Canımız bahasına, Allahımız, tanrımız, dilimiz bahasına, Düşmənə nifrətimiz, kinimiz bahasına, Alınmasa geriyə – Bir də bizim millətin, Günü çox çətin doğa, Bəxti çətin yeriyə!!! Torpaq əqidəmizdir, Əqidənin yolunda, Qovrulmasaq köz kimi, əriməsək şam kimi, Dilimiz olarmı ki, Adamlıqdan söz açıb danışaq adam kimi!
Ey Vətən oğulları! Nə kənara çəkilin, nə qoltuqda gizlənin. Vətən adlı Günəşin, Nurunda, atəşində durulun, təmizlənin! Od Vətənin odudu, Su Vətənin suyudu! Ona arxa çevirsən, Axırda aqibətin Ya şərəfsiz bir ölüm, ya qırx arşın quyudu! Düşdün, çıxmağın çətin, Endin, qalxmağın çətin. Söndün, kül olacaqsan, Bir də oda çevrilib, Bir də çaxmağın çətin! Fərari dedilərsə bircə dəfə adına, Allahın özü belə, Nə qədər istəsə də, çata bilməz dadına! Fərari dedilərsə bircə dəfə adına, Xoş günü, xoş saatı bir də salma yadına! Bir daha sən onları görə bilməyəcəksən,
Xoşbəxtlik qapıları taybatay açılsa da, Sən onun heç birindən girə bilməyəcəksən! Əl uzatmaq istəsən, Qapının dəstəkləri əlini yandıracaq, Dodağın quruyanda içmək istədiyin su Bir parça oda dönüb dilini yandıracaq! Boyun uca olsa da, Sən xalqın nəzərində yumağa dönəcəksən, Ağ paltarda qapqara yamağa dönəcəksən! İndi özün fikirləş, Şərəfli ölüm gözəl, ya şərəfsiz bir həyat?! Şərəfsiz bir həyatdan ölüm yaxşıdı qat-qat!
Altı ilin qovğası dizlərini yordumu? Qaniçənlər zəlitək damarını sordumu? Qələbəsiz, zəfərsiz ordu da bir ordumu? Dayananda şax dayan, yeriyəndə sərt yeri!
Burax bu oyunları, burax bu uşaqlığı, Bada verər milləti əsgərin yumşaqlığı. Dağlar çəksə üstünə, əldən vermə şaxlığı, Tarixin sabahına mətin yeri, mərd yeri!
Laqeydin nə vecinə, nə gedib eldən gedib, Şuşa dünya gözəli, kəməri beldən gedib. Baxma ki, bir bu qədər torpağın əldən gedib, Təpiyi bərk vur yerə, nə küs, nə də pərt yeri!
Yurdun əlindən çıxan qalanı, bürcü qaytar, Xalqın cibindən gedən mayanı, xərci qaytar. Vətən borcu deyilən müqəddəs borcu qaytar, Ürəklərdə qalmasın yara yeri, dərd yeri!
Sağda tülkü hiyləgər, solda ayı pəncəli, Qələbəyə gedən yol əzablı, işgəncəli.
Aşılmaz zirvələr var, üstündən aşmalısan, Yatağına sığmayan çay kimi daşmalısan! Zir-zibil harda varsa süpürüb atmalısan, Tufanları döşləyib döşünə qatmalısan!
Dan yerindən hər səhər günəş kimi doğmağın, Zülməti, qaranlığı beşiyində boğmağın, Yağıların başına atəş kimi yağmağın, Yolsuzluğun içində yolunu tapmalısan!
Sonuna yetmək olmur, qayğı dəniz, qayğı su, Axı nə qədər olar bu millətin qayğısı?! Əqidəni, inamı başda qızıl tac elə! Bu torpağın dərdinə özün bir əlac elə!
Qoy oynasın qolunda çaylar əzələ kimi, Xəyanətin evini dağıt zəlzələ kimi. Silaha dön, sursat ol, ayaqdan ələ kimi, Olsa da işin ağır, olsa da yolun çətin, Gözü sənə dikilib bu boyda məmləkətin! Ürəyini ovsa da şər-böhtanın gülləsi, Üzünü yandırsa da xəyanətin şilləsi, Sənsiz atılan deyil zəfərlərin pilləsi. Hələ çox işimiz var, mətin ol, ancaq mətin, Gözü sənə dikilib bu boyda məmləkətin!
Minillik ordular var, min bir sınaqdan çıxıb, Şaxta kəsib, buz yarıb, qardan-sazaqdan çıxıb. Torpağın ciyərində şirəsi var, kökü var, Tarix boyu daşınan şərəfi var, yükü var! O kökdə ən qüdrətli qolun biri sən idin! O qolda ən işıqlı yolun biri sən idin! Səndən ayrı saldılar Atillanı, Meteni, Taladılar torpağı, dağıtdılar vətəni! Türk sözü deyən kimi kəsdilər nəfəsini,
Səndən ayrı saldılar Atatürkün səsini! Xilaskar libasında qızıl-qızıl ordular, Qüdrətini, əzmini, Yora-yora qırdılar, qıra-qıra yordular! 20-nin aprelində, Tufanların selində, Bir gecənin içində Səkkiz generalımı Lenin güllələməsə, Səsmi çata bilərdi bu gün məndəki səsə!? Bu günə də çox şükür, Min dəfə öldürüblər, sən yenə dirilmisən, Ox kimi sıxılmısan, yay kimi gərilmisən! Hələ təzə başlanır sənin savaş günlərin, Qurtar bizi əlindən, Qara xəbər, qara rəng, bu qara daş günlərin!
Ey Vətən oğulları! Qələbə yollarında, Hər qarışda ölüm var, hər addımda təhlükə, Bu ağrının yükünü kim çəkməyə, kim çəkə. Millət yükü, el yükü Çəkənə bir şərəfdir, çəkməyənə bir ləkə! Qalxın, ayağa qalxın! Mürgüləyən qayanı, yatan daşı qaldırın! Dilində vətən bitən vətəndaşı qaldırın! Həqiqətin yolundan nə yayının, nə sapın, Düşmən səddi keçilməz çətin bir dağa dönsə, Siz onu parça-parça qırın, dağıdın, çapın! Ən yırtıcı vəhşini ayağa saldırmağa, Qalaları top kimi yerindən qaldırmağa, Canda inam, əqidə, qanda güc, qüvvət tapın! Bir ordunun üstünə təkcə yerimək üçün Qəlbinizdə yenilməz hünər, cəsarət tapın! Sizdən sonra dünyaya gələn nəsillər üçün, Gələcək illər üçün, Əvəzsiz bir xəzinə, tükənməz sərvət tapın!
Əlinizi öyrədin ilan başı əzməyə, Sizdən sonra yetişən oğulların yanında Sabah haqqınız olsun başı uca gəzməyə! Ey Vətən oğulları! Bəndə öz Allahına, Əsgər öz silahına, Peyğəmbər Quranına, Millət öz imkanına, İnsan haqqın adına, Ata öz övladına, Nə qədər güvənirsə, Mən elə güvənirəm sizin qeyrətinizə! Xəyanətin dilləri düzü tərsə yozsa da, Xəyanətin əlləri sıranızı pozsa da, Bu qarışıq zamanda Qansoranlar millətin başında turp əksə də, Düşmən dəyirmanına su tökən nanəciblər Əl-ayağa dolaşıb əl-ətəkdən çəksə də, Söndürün eşqinizlə şər-böhtanın odunu! Yaxına buraxmayın heç bir dedi-qodunu! Nə küsün, nə inciyin, Nə küsün, nə pərt olun! Qasırğalar önündə, Qaya kimi sərt olun! Oğul kimi yorulmaz, Kişi kimi mərd olun! Siz bu inadınızla Düşmənin ürəyində çəkilməz bir dərd olun!
Ey Vətən oğulları! Sizin sıx cərgənizdə bu gün bir əsgərəm mən! Sazımla, qələmimlə, Sevincimlə, qəmimlə, Atəş xəttinə doğru hər gün səfərbərəm mən!
Bu gün şairliyimi Tanka, topa, mərmiyə, silaha döndərməsən, Bu gün etiqadımı Yerə, göyə hökm edən Allaha döndərməsəm, Adına and içdiyim bu millətin yolunda, Haqqın, mübarizənin xeyli çətin yolunda, Zülmü, şəri, böhtanı öz əlimlə boğmasam, Yağıların başına dolu kimi yağmasam, Qoy Allah özü versin ən böyük əzabımı! Nəfəsim orduları ayağa qaldırmasa, Sındırın qələmimi, yandırın kitabımı! Zaman başqa zamandır! Tək əsərlə, kitabla, tək qələmlə kar aşmır! Səngər çağırır bizi! Otaqlara sığınıb qalmaq bizə yaraşmır! Dar günüdür Vətənin! Yuxulu gözlər, haray! Mürgülü başlar, haray! Qəlbi soyuqlar, haray! Ürəyi daşlar, haray! Süd gölündə üzənin Qan gölündə üzəndən yoxdu xəbər-ətəri. Köklər, harınlar haray! Gönüqalın, yekəbaş, yekəqarınlar, haray! Xəbəriniz varmı ki, qalamızı sökürlər, Gözümüz görə-görə gözümüzü tökürlər! Ağdamın sayagəlməz əlvan otaqlarını, Kəlbəcərin tükənməz qızıl yataqlarını Daşıyıb aparırlar! Şuşanın tarix olan əlvan naxışlarını, Daşdan, divardan silib, dəmirdən qoparırlar! Xəbəriniz varmı ki, bu torpağın daşı nur, Laçından, Qubadlıdan, Cəbrayıldan, Şuşadan, Karvan-karvan yığılıb İrəvana daşınır! Top atılsa ayılmaz qulağının dibində, Vətən indi hardadır? Rüşvətxorun cibində!
Vətənsizlər vətəni minib çapır at kimi, Dollar kimi yığşırıb əridir manat kimi! Vəzifə havasına xumarlanıb yatanın, Xəzinəyə, qızıla, mirvariyə batanın, İmişlinin düzündə İlan çalan uşaqdan xəbəri hardan olsun! Laqeydin, biganənin, kəmfürsətin, alçağın Beyləqanın içində, Odu sönmüş ocaqdan xəbəri hardan olsun?! Qaçqınlar ordusunda Həftələrlə çörəyin üzünə həsrət qalan, Təknəsinin içində sonuncu qismət qalan, Yenə də ürəyində xalqa məhəbbət qalan, Xalqa mərhəmət qalan, Yenə də varlığında vətənə hörmət qalan Ağbirçəkdən, anadan xəbəri hardan olsun?! Gözü yollara baxıb əli qoynunda qalmış, Solub getmiş sonadan xəbəri hardan olsun?!
Ey Vətən oğulları! Yaralı bir şairin eşidin harayını, Siz uçurun başına namərdin sarayını! Qalxın qasırğa kimi, qopun zəlzələ kimi, Xalqın dərdi ürəkdə açılmaz düyün olub, Xalqın dərdi kürəkdə qalmasın şələ kimi!
Qarabağa bahar gəlir, qanlı bir bahar, Bu il gələn baharımız qan üstündədir. Ordan ayrı neçə cavan qocaldı, getdi, Ordan ötrü neçə xəstə can üstündədir.
Qarabağa bahar gəlir, yetim bir bahar, Ordan ayrı ömürlər var, əriyib gedir. Dəlidağsız oğullar var, dəliyə dönüb, Yavaş-yavaş içəridən çürüyüb gedir.
Necə deyim dağ vüqarlı dağlar oğluyam, Bu gün mənim söykənməyə dağım yoxdusa. Payız vaxtı bostanından heç nə gözləmə, Bahar vaxtı çiçəklənən tağın yoxdusa.
Nifrətindən, qəzəbindən yatağa sığmır, Tərtər yenə havalanıb, cilov gəmirir. Güllə dəyib gözələ də, gözəlliyə də, Zalım ovçu yaralanmış bir ov gəmirir.
Heç bilmirəm xilasımı kimdən gözləyim, Əsir qalmış, yesir olmuş, bir ovam indi. Yalançının bağırmağı bağrımı yarıb, Talançının əllərində girovam indi.
Ötən bahar Taxtadüzdə minib çapdığım, Dəlidağın köhlən atı yadıma düşdü. Bu gün mənim şair könlüm qan ağlasa da, Könül açan bir bayatı yadıma düşdü.
Zülfün tök üzə, neylər, Sallan gəl düzə, neylər. Ov bizim, ovlaq bizim, Yad ovçu bizə neylər.
Gözəllərin havasıyla gəzən oğullar, Gördünüzmü yad ovçular bizə neylədi? Ayaq açdı, şər-böhtanın atı yeridi, Gördünüzmü yad ovçular düzə neylədi?
Gördünüzmü yad ovçunun yamanlığını? Quş başıtək başımızı üzməyə hazır. Yüz illərdi yavaş-yavaş görür işini, Tələ qurur, ayaq eşir, quyular qazır.
İdarələr, kabinetlər “gözəllə” doldu, Meylimizi qıza verdik, qadına verdik. Ondan başqa gözlərimiz heç nə görmədi, Bu milləti nəfsimizin badına verdik.
Gözümüzə pərdə çəkdi ehtirasımız, Allah bunu götürmədi, işə bax, işə. Bu torpağı parça-parça qurban vermişik, Bir görüşə, bir öpüşə, bir nəvazişə.
Azərbaycan torpağının məğlubiyyəti, Başlanıbdı nazirlərin otaqlarından. Min kişinin damarına zəhər yeriyib, Bir erməni qancığının dodaqlarından.
Selə verib xalqımızın xoş həyatını, Bəlkə onda oxumuşuq bu bayatını: “Ov bizim, ovlaq bizim, Yad ovçu bizə neylər”.
Dayan, eloğlu dayan! Dayan, Vətəndaş dayan! Yandırdı yanağımı gözdən axan yaş, dayan!
Pusqunu qurmadınsa, Bərədə durmadınsa, Vaxtında vurmadınsa, Ov sənin ola bilməz!
İzi izləmədinsə, Döşü dizləmədinsə, Fürsət gözləmədinsə, Ov sənin ola bilməz!
Gülünü üzmədinsə, Balını süzmədinsə,
Üstündə gəzmədinsə, Oylaq səninki deyil!
İçmədinsə suyunu, Sevmədinsə boyunu, Çalmadınsa toyunu, Bulaq səninki deyil!
Becərib əkmədinsə, Nazını çəkmədinsə, Üstə tər tökmədinsə, Torpaq səninki deyil!
“Ov bizim, ovlaq bizim”, Dayan, müğənni qardaş. Oxuma bu mahnını, Oxusan, qan eylərəm!
Şah kimi fərman verib, Bu şeiri birdəfəlik, Mən qadağan eylərəm!
Sənin ola bilərmi qarlı dağın zirvəsi, Bir dəfə zəhmət çəkib sən o dağa çıxmasan?! Sənin ola bilərmi yaşıl tala, göy çəmən, İstəkli bala kimi öz bağrına sıxmasan?! Sənin ola bilərmi yollar, izlər, cığırlar, Əllərindən çıxırsa, gözlərindən itirsə. İnsan ayaqlarına həmişə həsrət qalan, Cığırların içində boz qanqallar bitirsə. Sənin ola bilərmi yurdun bir qarış yeri, Bağça salıb, ev tikib, daş üstə daş qoymasan?! Demə ki, torpağın var, Torpaq dara düşəndə, Uğrunda can verməsən, yolunda baş qoymasan.
Sənindirsə səf çəkən qayaların duruşu, Sənindirsə şimşəklə qayaların vuruşu, Qeyrətindi, adındı! Sənindirsə zirvələr, sənindirsə ətəklər, Sənindirsə çiçəkdən axan ballar, pətəklər, Ləzzətindi, dadındı! Bənövşənin, nərgizin, qızılgülün, lalənin, Salxım-salxım tökülüb sallanan şəlalənin, Sənə dəxli yoxdursa, Vətən adlı Məkkənin, torpaq adlı türbənin, Şəhərə düşən odun, kəndə dəyən zərbənin, Sənə dəxli yoxdursa, Günlərin bir günündə göz açıb görəcəksən Gördüyün hər nə varsa yağınındı, yadındı! Bax onda deyəcəyəm qəlbi, ağlı korlara, Vətən qədri bilməyən vətənsiz nankorlara, Dünənki laqeydliyin Kefini, ləzzətini yavaş-yavaş dad indi!!!
Nələr düşdü yadıma: Ötən günlərə doğru xeyli baxdım uzaqdan, Daş-torpaq oda döndü canımdakı sazaqdan! Harda nakam Müşfiqi dəldi-deşdi güllələr, Harda Əhməd Cavadı vaxtsız ölüm haqladı – Azərbaycan xalqının sarsılmaz dayaqları Bax, o zaman laxladı!!! Nə zaman ki, xəyanət yırtıcı qurda döndü, Heykəlləşən Cavidi öz yolundan saxladı – Zəngəzurun, Göyçənin, Şuşanın dayaqları, Bax o zaman laxladı!!! Fasiləsiz zərbələr xalqın qəddini əydi, 37-ci ildə sərt açılan güllələr, Doxsanın yanvarında gəldi Bakıya dəydi! Təkcə Bakımı çəkdi bu ağrının altını, Təkcə Şuşamı çəkdi bu ağrının yükünü?
Bu ağrı zədələdi Azərbaycan adlanan Beş min illik ağacın budağını, kökünü!!! Ey xalqın şairləri! Çərxi-fələk min dəfə dəyişsə də qurğunu, Hörmətlə xatırlayır dünya Səməd Vurğunu! Ellər ondan halıydı, o ellərdən halıydı, O, şeirin, sənətin də, Döyüşün, səngərin də əbədi marşalıydı! İlhamının mayası anaların südüydü, Ən odlu silahımız “Anamın öyüdü”ydü! Görüb çətin yolların yağışını, qarını, O zaman yazmadımı Rəsul “Bəxtiyar”ını? Onda yazılmadımı “Vur, başına dönüm, vur!” “Buz heykəl”in heykəli onda qoyulmadımı? Faşizmin kor gözləri, Yazıçı qələmiylə hər gün oyulmadımı?! Neçə-neçə şairin alov saçan nəfəsi Uçururdu zindanı, dağıdırdı qəfəsi! Dünənki qələbədə Söz onların sözüydü, pay onların payıydı. Tarixə şərəf olmaq Tarix yaradanların halal haqqı-sayıydı! Biz niyə susmalıyıq? Niyə nəfəsimizi mərmiyə döndərmirik? Niyə son tikəmizi Boğazımızdan kəsib cəbhəyə göndərmirik? Bundan çətin imtahan, bundan ağır günmü var? Bundan çətin dolaşıq açılmaz düyünmü var? Bundan odlu haraymı, bundan artıq ünmü var? Sabah qələbə çalsaq, Üzümüz olacaqmı xalq içinə çıxmağa? Əlimiz gələcəkmi Qələbə çalanların əllərini sıxmağa?
Ey xalqın həkimləri! Allah bizə dərd verib, siz xalqa dərman verin! Nəfəsi tutulana dağ havası gətirin, Gülləyə tuş gələnin damarına qan verin! Millətin içindəki hər ağrını, azarı, Araqarışdıranı, pisi, mərdiməzarı, Kəsin, atın bir yana, mahir bir cərrah kimi, Çatın harayımıza, hökm edin Allah kimi!
Ey xalqın rəssam oğlu! Sən bu xalqın çəkdiyi çəkilməz dərdi göstər! Yaxşını pisdən ayır, mərdi, namərdi göstər! Oynadığı, şahmatı, Udduğu, uduzduğu oyunu, nərdi göstər! Düşmənin üzündəki min cür sifəti göstər! Dostun ürəyindəki gücü, qüdrəti göstər! Baxışda inam adlı yenilməz silahı ver! Fərarinin, alçağın, Çəkdiyi cəzanı ver, batdığı günahı ver!
Ey qarışıq zamanın siyasi xadimləri! Tərpədin ürəkləri, çalın sarı simləri! Dünyanın harasında haqqı susduran olsa, Harda bircə nəfəri arxadan vuran olsa, “Azadlıq” deyə-deyə bar-bar bağırardınız! Dövləti ədalətə, haqqa çağırardınız! İnsanı fəlakətin əlindən alardınız, Həyəcanlar qaldırıb, təbillər çalardınız! Niyə sönüb nəfəslər? Niyə batıb o səslər? Niyə kar olub görən, Həqiqətin səsini eşitməyən qulaqlar? Ağrını, müsibəti niyə görmür uzaqlar? Xəbəriniz varmı ki, Ən qədim bir millətin taleyinə qəsd olur!
Şəhid xiyabanları ayaq açıb yeriyir, Ölənlər ölüb gedir, qalanlar şikəst olur.
Ölümlərə hədəf mənəm! Öldürülən tərəf mənəm! Canda ruhum, yerdə daşım, göydə quşum güllələnir, Yaddaşıma güllə dəyir, ağlım huşum güllələnir! Köləliyin əllərindən xilas yolu tapan kimi, Azadlığım, istiqlalım, qurtuluşum güllələnir! Deyən yoxdur, cahil insan, Təzə açan çiçəyə bax, tər budağı güllələmə! Nəğməsinə, sözünə bax, gül budağı güllələmə! Körpələrin üzündəki təbəssümü güllələmə! Pərdə üstə dalğalanıb ötən simi güllələmə! Toy gecəsi gəlinlərin xınasını güllələmə! Övladını yetim qoyub anasını güllələmə! Bu güllələr evlər yıxdı, ara vurdu, Bu güllələr neçə xalqa yara vurdu. Mən bilirəm, qamətini kimlər əydi Azərbaycan! Mən bilirəm, güllə sənə hardan dəydi, Azərbaycan! Hər gün səni vurmaq üçün bostanına daş atdılar, Hər gün səni qırmaq üçün Dildə zəhər, dişdə bıçaq yaşatdılar! Gedən getdi, ölən öldü, bəsdi daha! Kəsən kəsdi, bölən böldü, bəsdi daha! Mən heç kəsin torpağında torpaq üstə ölməmişəm, Mən heç kəsin torpağını bölməmişəm! Qəssab əlli, cəllad üzlü, Ayı canlı, iblis gözlü qarı düşmən, Qarış-qarış dərimizi soymadınmı, “Gülüstan”da gözlərimi oymadınmı. “Türkmənçay”da imza atıb,
Məni hərrac bazarına qoymadınmı? Ölür insan, yanır millət, Sən içdiyin laxta-laxta bu qanlardan doymadınmı? Hansı şeytan, hansı cinsən, tanıyıram! Hansı dövlət, hansı dinsən, tanıyıram! Nə alçaqsan, nə xainsən, tanıyıram! Nə “Zəbur”da, nə “Tövrat”da, Nə “İncil”də, nə “Quran”da, Heç bir yerdə, heç bir yanda yazılmayıb Sən özgənin torpağını yandırasan, qəsb edəsən! Sən özgənin torpağıyla qazanc, maya kəsb edəsən! Kimlər sənə haqq verir ki, Bu dənizdən o dənizə yol çəkəsən! Kimlər sənə haqq verir ki, Bir millətin taleyinə, Kefin necə istəyirsə eləcə də qol çəkəsən?! Tanıyırıq gedişləri, yolları biz! Tanıyırıq imzaları, qolları biz! Yediyiniz, içdiyiniz bəsdi daha! Əkdiyiniz, biçdiyiniz bəsdi daha! İmkan verin, öz əlim, öz başım olsun! İmkan verin, öz divarım, daşım olsun! İmkan verin, torpağımı şumlamağa Öz kotanım, xışım olsun! İmkan verin, istəyimcə öz baharım, İstəyimcə qışım olsun, Qaçqın da mən, köçkün də mən, girov da mən, Ovçuların əllərində parçalanmış bir ov da mən! Yad ağzında yağlı aş da, Süfrəsində plov da mən! Yanan da mən, yaman da mən! Gördüyündən gözü çıxan, Qəlbinə qan daman da mən! Öldürdünüz, ölüm bəsdi,
Yandırdınız, zülüm bəsdir! Qovurdunuz, külüm bəsdi! Doğram-doğram doğradınız, Tikələndi dilim, bəsdi! Eşit məni, ey işğalçı, ey qəsbkar, Eşit məni, harayları eşitməyən qulağı kar. Eşit məni, Gördüyünü görməzliyə vuran kəslər! Eşit məni, bayquş səslər, buz nəfəslər! Zaman keçib, vaxt dolanıb, elə bir an yetişəcək, Dizdə təpər, canda qeyrət, damarda qan yetişəcək! Uzun çəkməz qaranlığın yamanlığı, Nurlu səhər, işıqlı dan yetişəcək! Çirkabların, dumanların arasında baş qaldırıb, Aydan arı, sudan duru, Büllur kimi Azərbaycan yetişəcək! Bu gün bir az ləngiyənlər, Öz haqqını almaq üçün Nəfəsləri təngiyənlər, Dərindən bir nəfəs dərib, Tufanlara sinə gərib, Zirvəsini, şöhrətini, Şuşasını qaytaracaq! Aranını, yaylağını, meşəsini qaytaracaq! Üzü ancaq sabahadır millətimin, Sözü ancaq silahadır millətimin! Vətən oğlu, Vətən qızı! Mən üzümü sənə tutdum, Sən üzünü torpağa tut! Sən üzünü Məmməd Əmin qaldırdığı bayrağa tut! Vətən səni çağırırsa, Nə yaxanı qırağa çək, nə üzünü qırağa tut! Yağıları dizə çökdür, yağılara diz çökmə! Nisgil olub qəlbə, cana, duman olub gözə çökmə.
İyirminci əsr səni yaraladı, Neçə yerdən tikələdi, paraladı. İyirmi birin qarşısına ürəyində yara getmə! Gələn günə, gələn əsrə bütöv yeri, para getmə! Sən mənimçün canda nəfəs, nəfəsdə can olmalısan, Təbrizin də, Dərbəndin də, Borçalının, Göyçənin də, Qaynadığı, qovuşduğu, Xatalardan, bəlalardan, zərbələrdən sovuşduğu, Qırx milyonun yumruq kimi birləşdiyi, Qırx milyonun bir ürəyə yerləşdiyi, Bütöv, məğrur, qalib, cəsur, AZƏRBAYCAN OLMALISAN! AZƏRBAYCAN OLMALISAN!
19, aprel-may