Əsas məzmuna keç

Heca şeiri

Xalqım, səni uca gördüm

Zəlimxan Yaqub

2

Xalqım, səni dəniz gördüm – dalğalandın, ləpələndin, İşıq olub zərrə-zərrə hər ocağa səpələndin. Xalqım, səni sahil gördüm – sinə gərdin tufanlara, Neçə-neçə məğrur qaya sinəsindən aldı yara. Xalqım, səni qaya gördüm – boyu uca, qaməti düz, Çarpışmalar meydanında sən əbədi, sən ölümsüz. Xalqım, səni palıd gördüm – şimşək vurdu, paraladı, Yeri yerdən, göyü göydən, kökü kökdən araladı. Xalqım, səni bütöv gördüm – bölünsə də yurdun, adın, Bölünmədi məhəbbətin, bölünmədi istedadın. Xalqım, səni əsgər gördüm – buraxmadın səngərini, Unutmadın yerişini, itirmədin ləngərini. Baxışında bulud görmək məndən ötrü ağır olar, Dodağında sükut görmək məndən ötrü ağır olar, Parçaladın o buludu! Parçaladın o sükutu! Xalqım, səni uca gördüm – bu ucalıq bəsdi mənə, Sən varsansa, neyləyəcək düşmənlərin qəsdi mənə!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.