Əsas məzmuna keç

Heca şeiri

Vur-tut, bu dünyada bir ömrümüz var

Zəlimxan Yaqub

1

Vur-tut, bu dünyada bir ömrümüz var, O da küləklərlə sovrulub gedir. Qışın şaxtasında üstə yağır qar, Yayın alovunda qovrulub gedir.

Xal düşür ürəyə, od yağır başa, Ağrıya, acıya veririk onu. Qohuma, qonşuya, dosta, yoldaşa, Qardaşa, bacıya veririk onu.

Bir əli bir başa çatdırmaq olmur, Bir işi görürsən, min işin qalır. Qaşın çatılanda canın sağ olmur, Yoxuşu qalxırsan, enişin qalır.

Ayları, illəri sovurub göyə, Xəstə dolanırıq, xəstə gəzirik. Ömür şüşə kimi qırılar deyə, Ağır yeriyirik, asta gəzirik.

Yüz də iç dərmanı, ömrə nə xeyri, Ağrı başımızın tükü qədərdi. Qəddimiz bükülü, belimiz əyri, Qayğılar dağların yükü qədərdi.

2002, 26 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.