Vücudim şəhrin seyr edib gəzərim
Vücudim şəhrin seyr edib gəzərim, Didar ilə məhəbbətə eşq olsun. Həmən bir nəsnədə qaldı nəzərim, Didar ilə məhəbbətə eşq olsun.
Eşqin cuş eylədi, keçdi sərimdən, Artıb gəlir məhəbbətin nurindən, Niyazımız budur cani-kərimdən: Didar ilə məhəbbətə eşq olsun.
Qüdrət qəndilindən atdı danəyi, Endi lövhi üzrə tutdu binayi, Cünbüşə gətirən çərxi-fənayi Didar ilə məhəbbətə eşq olsun.
Fil yükün yüklətmə, qarınca çəkməz, Dürlü reyhan çoxdur, gül kimi qoxmaz, Dünya malın versən, bizə gərəkməz, Didar ilə məhəbbətə eşq olsun.
Yucalarda olur ol hüma quşu, Dostum, məhəbbətdir aşiqə işi, Pirim Xətayidir cümlənin başi, Didar ilə məhəbbətə eşq olsun.
Lüğət: Didar – görüş, üz; Nəsnə – şey; Cuş – qaynamaq, coşma; Kərim – səxavətli; Çərxi – kəcrov – əyri dolanan zəmanə