Vətən nə çəkib
Gəlsin şəhidlərin ziyarətinə, Kimin ürəyində qəm varsa, gəlsin! Qəmin zərbəsindən düşüb çətinə, Qəlbində qırılan sim varsa, gəlsin!
Qoy burda tapınsın Tanrıya, dinə, Çaşıb Allahını danan da gəlsin! Son qoysun qəlbində nifrətə, kinə, Xəbislik odunda yanan da gəlsin!
Qoy burda əyilsin dağların başı, Ölməzlik qazanıb ölənlər üçün, Məkkədi torpağı, Kəbədi daşı, Başımın qədrini bilənlər üçün!
Saysız qəbirləri hey saya-saya, Sıxılıb, çırpılıb, boğulmuşam mən. Əzablar içində gəlib dünyaya, Elə bil təzədən doğulmuşam mən.
Bir az asta yeri, bir az asta gəz, Qardaş, müqəddəsdi burda duyğular. Burda ayaq açıb yeriyə bilməz, Cılız düşüncələr, xırda duyğular!
Burda ucalardan uca bir məkan, Zirvənin Tanrıya baxan yeridir. Ürəklərdə ağrı, baxışlarda qan, Millətin sel olub axan yeridir.
Heç vaxt axarını dəyişməz bu sel, Min illər boyunca axar, beləcə. Solğun çiçəklərə daraq çəkər yel, Gələnlər boylanıb baxar, beləcə!
Burda yatanların kim olduğunu, Qasırğa qoynundan çıxanlar bilər. Qəlbində fəryadı, dilində ahı, Gözünün yaşını sıxanlar bilər.
İnsanı göynədən buz nə deməkdi, Yaraya səpilən duz nə deməkdi, Toyu yasa dönmüş qız nə deməkdi, Başında ildırım çaxanlar bilər.
Saraylar uçanda himlər nə çəkdi, Pərdələr sınanda simlər nə çəkdi, Kimlər nə danışdı, kimlər nə çəkdi, Millətin gözünə baxanlar bilər!
Gəlsin şəhidlərin ziyarətinə, Qoca da, cavan da, uşaq da gəlsin. Dönsün bu yerlərdə kədər şahına, Ən uzaq ölkədən qonaq da gəlsin.
Nahaqdan inciyən, haqqa üz tutan, Harda bir taleyi kəm varsa gəlsin! Əli qələm tutan, dili söz tutan, Ayağı yer tutan kim varsa gəlsin!
Qanlı tariximi heç unutmasın, Qoy gələn görsün ki, gedən nə çəkib. Heç kəs bu ağrını ucuz tutmasın, Bilsin dar ayaqda Vətən nə çəkib!!!