Əsas məzmuna keç

Heca şeiri

Vətən, əymə qəddini

Zəlimxan Yaqub

2

Qara əllər birləşib səni verdi tarana, Köz qoyub göynətdilər, duz basdılar yarana. Gözümüz baxa-baxa düşdün gülləborana, Bu da bir cür imtahan, bu da bir cür sınaqdı, Vətən, əymə qəddini, dar gündü, dar ayaqdı!

Həqiqət dinə bilmir, yazıq-yazıq kiriyir, Şər-böhtan beş ildi ki, ayaq açıb yeriyir. Daşın da, torpağın da od içində əriyir, Səngərinə yaxşı yat, düşmən yatmır, oyaqdı, Vətən, əymə qəddini, dar gündü, dar ayaqdı!

Dağdan dərəyə salır, dərədən dağa çəkir, Ən ağır bir zamana, ən qəmli çağa çəkir. Təbiət imtahana, tale sınağa çəkir, Fitvalar başın üstə qan dolu bir çanaqdı, Vətən, əymə qəddini, dar gündü, dar ayaqdı!

Can deyirsən, şəhidlər səndən ötrü can verir, Qan deyirsən, igidlər damarından qan verir. Qəhrəmanlıq duyğusu kişiyə meydan verir, Millətin əqidəsi bu gün sənə dayaqdı, Vətən, əymə qəddini, dar gündü, dar ayaqdı!

Kimi körpə, kimi ər, kimi qoca yaşında, Boğuldu qan gölündə, gözümüzün yaşında. Tanındı düşmənin də, dostun da, sirdaşın da, Özün ayır, özün seç, kim haqdı, kim nahaqdı, Vətən, əymə qəddini, dar gündü, dar ayaqdı!

Böhtan ilə gəlsə də qoy qamaşsın dərd, dayan, Düşmənlərin olsa da min dəfə namərd, dayan. Dağ kimi tərpənməz ol, qaya kimi sərt dayan, Hər daşın gözümüzdə bir müqəddəs ocaqdı, Vətən, əymə qəddini, dar gündü, dar ayaqdı!

Qanımızı qaynadan “Misri”n də, “Cəngi”n də var, Ruhumuzu oynadan min bir nəhəngin də var. Qəhrəman oğullara güldən çələngin də var, Hay salan təbillərin, həyəcan zəngin də var, Dastanını yazmağa sinəm varaq-varaqdı, Vətən, əymə qəddini, dar gündü, dar ayaqdı!

And olsun qovğalarla ötüşən hər anına, And olsun bu torpağın şərəfinə, şanına, And olsun şəhidlərin alınmamış qanına, And olsun əsirlərin əldə qalan canına. Nə qədər ki, qisası yağıdan almamışıq, Düşmənin qollarını yanına salmamışıq, Haqqımızı qazanıb qələbə çalmamışıq, Eşqim, ruhum, mənliyim hərəsi bir yaraqdır! Bu da bir cür imtahan, bu da bir cür sınaqdı! Vətən, əymə qəddini, dar gündü, dar ayaqdı!!!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.