Vətən eşqi
Birmi, beşmi söyləməklə qurtarasan sırasını, Bu – göz eşqi, bu – qəlb eşqi, bu – can eşqi, bu – tən eşqi! Torpaq, Günəş sevgisidir minbir dəfə gücləndirən, Sal qayalar sinəsində ağac olub bitən eşqi.
Kimini dərd dilləndirir, kimini həsrət oxudur, Kim nə zaman oxuyursa, eşq adlı sərvət oxudur. Yerə, göyə, Yaradana ulu məhəbbət oxudur, Bülbül olub, cəh-cəh vurub, budaqlarda ötən eşqi!
Kim hayanda doğulubsa, ora onun məbədidi, Yurda arxa çevirən kəs naqislərin ən bədidi. Milyon illər gəlib-keçə, dəyişməzdi, əbədidi, İnsan üçün yurd sevgisi, millət üçün VƏTƏN EŞQİ!!!