Əsas məzmuna keç

Heca şeiri

Vətən

Zəlimxan Yaqub

1

Mən sənə – illər boyu Eşqi ilə dindiyim, Nurunda işıqlanıb Oduna isindiyim, Qarşısında diz çöküb Səcdəsinə endiyim, Ocaq kimi baxıram!

Mən sənə – yer, yatağı Dağ-aranlı, binəli, Başı ağır yığnaqlı, Özü qaynar sinəli, Şirin-şəkər nəğməli, Tükənməz xəzinəli Bulaq kimi baxıram!

Mən sənə – ağırlaşıb, Yavaş-yavaş gərilən, Çiçəyiylə, gülüylə, Qədəmlərə sərilən, Bol əlli, bol ətəkli, Dərildikcə dərilən, Budaq kimi baxıram!

Mən sənə içdiyim su, Çəkdiyim nəfəs kimi. Varlığımı yaşadan, Ruh kimi, həvəs kimi, Zirvələrə səsləyən, Uğurlu bir səs kimi, Soraq kimi baxıram!

Mən sənə – fəsil-fəsil Gül açan, bar yetirən, Qarlı qışın içində, Nurlu bahar yetirən, Hamıdan çox yaradan, Hamıya var yetirən, Torpaq kimi baxıram!

Mən sənə – döyüş günü Düşündüyüm, andığım, Başdan uca tutduğum, Dağdan uca sandığım, Şöhrətini, rəngini, Qanımla qazandığım, Bayraq kimi baxıram!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.