Vermədi
Günümə bax, dövran mənə dərd verdi, dərman vermədi, Al-qanımı tökən cəllad sağalmağa qan vermədi. Bu tufanı görən xalqım dalğalandı dəniz kimi, Vətən oğlu, vətən qızı əbəs yerə can vermədi.
Açılsın bağlı qapılar, bağlansın qapım, dedi, Mərd oğullar aydınlığa gedən yolu tapım, dedi. Arzuların arxasında köhlənimi çapım, dedi, Ara vurdu, tələ qurdu, müxənnət meydan vermədi.
Neçə şəhid sinəsini tufanlara gərdi bu gün, Heykəlləşdi qəlbimizdə elin neçə mərdi bu gün. Varaq-varaq yazmalıyam ellər çəkən dərdi bu gün, Bəlkə tale sabah mənə belə bir imkan vermədi!