Vəh nədir ol tairi-fərxəndəbalü tiz pər
Vəh nədir ol tairi-fərxəndəbalü tizpər Kim, olur bir türfə ayin ilə hər dəm cilvəgər?
Ağzı açıq, çıxmaz avazı, ayağı yox, yürür, Can iləndir seyri, əmma demək olmaz canəvər.
Bir dəmirdən daşlü divar ilə müstəhkəm həsar. Bir əsasi-qir ilən qaim, binayi-mö’təbər.
Yengi aydır hey’əti, amma yeni aylar kimi Bədr olmaz, necə kim, göy üzrə sərgərdan gəzər.
Adəti uçmaqdır, amma quşların əksi müdam, Uça bilməz müttəsil balü pəri olmasa tər.
Gəh Zəkərya kimi çəkmiş çox cəfalər bıçqıdan, Gəh büti-Azər kimi olmuş giriftari-təbər.
Boynu bağlı bir qara quldur həvası qaçmağa, Bulduğun alıb qaçar, saxlamasan şamü səhər.
Bir mübəssirdir ki, daim dideyi-heyrət açıb, Asiman təhqiqi-əhvalinə salmışdır nəzər.
Sayılır pəhlulərinin üstüxani zə’fdən, Böylə zə’f ilən ağır yüklər çəkər, eylər hünər.
Yerdə gəzməz vəhştək, amma yürür ondan rəvan, Göydə üçmaz teyrtək, amma uçar ondan betər.
Gər bükülmüşdür qədi, eyb eyləmən, bir pirdir, Nuh dövründən verər bir-bir, sual etsən, xəbər.
Baş açıb yağmurlara, suya batırmış kisvətin, Yaş uşaqdır, lövhi sadə, hiç bilməz xeyrü şər.
Canı yox, lakin rizayi-xəlq hasil qılmağa Gəh aşağa, gəh yuxaru yügürüb canlar çəkər.
Divə bənzər, gəzdirər başda Süleyman təxtini, Yoxsa kandır, saxlanır köksündə qiymətli gühər?
Yoxsa zövrəqdir, onu qılmış mürəkkəb seyr üçün Veys bəy həzrətləri, ol şəhriyari-namivər!..
Ey bəqayi-izzü cahin mövcibi-təmkini-mülk, Vey sənayi-lütfü qəhrin mənşəi-nəf’ü zərər.
Xaki-payindən əgər bir zərrə tapsaydı sədəf, Bəsləməzdi irtifai-qədr üçün mütləq gühər.
Öylə əmniyyətdir əyyamında kim, mün’imlərin, Işrət israfından özgə malına yoxdur xətər.
Tişeyi-bənnayə derdi ərreyi-nəccar dün: Zülmümüzdən həm həcər asudə oldu, həm şəcər.
Öylə kim ədlün zərər rəsmin götürdü mülkdən, Ehtiyat üçün gərəkməz kimsəyə divarü dər.
Düşmənin məğlub olub daim zəfər bilməz nədir, Sən qaçan kim əfv qılsan ol sanur onu zəfər.
Yol aparsaydı sənin ehsanına bir zərrəcə, Afitabın minnətin çəkməzdi nur üçün qəmər.
Zövq üçün şövqün tapıb sərməst olan ariflərə Hacət olmaz cami-mey içmək, sənin şövqün yetər.
Şami-bəzmin öylə rövşəndir ki, hər kim şəm’tək Tapsa onun zövqünü, qılmaz təmənnayi-səhər.
Vəsfi-zatın həddən əfzundur, şəha, mə’zur tut Kim, qılır ibram xövfindən Füzuli müxtəsər.
Var ümidim, ta bu dərya üzrə kəştiyi-hilal Gah gəşti-xavər eylər, gah seyri-baxtər.
Baxtərdən xavərə olsun səlayi-sövlətin, Şöhrətindən olmasın xali fəzayi-bəhrü bər.
* * *
Lüğət: Tair – uçan, quş; Dəm – qan; zaman; nəfəs; ah; söhbət; Can – ruh, bədən; Qaim – möhkəm, daimi; Bədr – on dörd gecəlik ay. Məhəmmədin müharibələrindən birinin adı; Azər – od, atəş; Giriftar – tutulmuş; Təhqiqi – sirri-hikməti-həqq – həqqin hikməti sirrinin doğruluğu; Üstüxan – sümük; Rəvan – gedən; axan; ruh; Kisvət – paltar; Yaş – körpə mənasında işlənilir; Sənayi – rif’əti-iclalə oldular guya – cəlalın yüksəkliyinə tərif dedilər; Xaki – tirə – qara torpaq; İrtifa – ucalmaq; Qədr – dəyər, qiymət, məziyyət; Həcər – daş; Şəcər – ağac; Dər – qapı; Qəmər – ay; Cami – xoşgüvar – ləzzətli şərab; Rövşən – işıqlı, aydın; İbram – üzə salıb bir işi bir adamın boynuna qoymaq; Hilal – yeni çıxmış ay; Xavər – gündoğan; Xali – boş; Fəzayi – behişti-sürur – şadlıq behiştinin fəzası; Bəhr – dəniz; əruz vəznində şeir ölçüsü