Vəfalıymış
Nə vaxta arxalan, nə baxta aldan, Nə dövran, nə də bir çağ vəfalıymış. Min bir daşürəkli dostdan, tanışdan, Bir daşlı, qayalı dağ vəfalıymış.
Nə toxa bel bağla, nə aca söykən, Nə ada, şöhrətə, nə taca söykən. Özün böyütdüyün ağaca söykən, Bağbandan min dəfə bağ vəfalıymış.
Zəlimxan dilində min dürlü dastan, Gah toydan söz açar, gah da ki yasdan. Bahalı köynəkdən, əlvan libasdan, Kəfən etibarlı, ağ vəfalıymış.