Əsas məzmuna keç

Qoşma

Vay o gündən

Zəlimxan Yaqub

1

Ürəyimdə yuxu qovan qeyrət ola, Gözlərimdə ucalığa heyrət ola, Baxışımda ulduzlarla söhbət ola, Fikrim elə ovda qala, quşda qala.

Qarlı zirvə ovundura mehdə məni, Yaşıl çəmən ovsunlaya şehdə məni. Qoca dünya qovuşdura əhdə məni, İzim düşə bu torpaqda, daşda qala.

Adı-sanı addan ada qalmayanın, Xatirəsi dosta, yada qalmayanın, İzi-tozu bu dünyada qalmayanın İnanmıram bir əməli huşda qala.

Ey dirilik çeşməsindən içən Dədə, Hamı içə o bulaqdan içəndə də. Ömür gəlib yüz yaşını keçəndə də, Həyat eşqi canda qala, başda qala.

Ürəyində məhəbbətdən pay az ola, Vurulduğu nə qış ola, nə yaz ola. Vay o gündən düşüncəsi dayaz ola, Axır gündə insan əli boşda qala!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.