Əsas məzmuna keç

Qoşma

Varıymış

Aşıq Ələsgər

1

Nələr gördüm, gəşt elədim dünyanı, Hər bir işin qilü-qalı varıymış. Yaxşı günün olurmuşsa yamanı, Yaman günün yaxşı halı varıymış.

Haqq sözə gərəkdi düz qiymət olsun, Qiyməti verməyə mərifət olsun. İnsanda insanlıq, səxavət olsun, Neylərəm ki, cah-calalı varıymış.

Qayım ağa, niyə fikrə dalırsan? Yoxsa ki özündən hesab alırsan. Sayılmaz mehmana keçə salırsan, Saydığın qonağa xalı varıymış.

Çox gəzmişəm, az görmüşəm danəndə, Deməliyəm sözün yeri gələndə. İnsan üzün görməyəsən dönəndə, Açılanda xoş camalı varıymış.

Ataş alıb çox da yanma, Ələsgər, Sənətindən heç usanma, Ələsgər, Öz-özünə qubarlanma, Ələsgər, Dünyanın Urusdam-Zalı varıymış.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.