Əsas məzmuna keç

Qoşma

Var mənim

Məxdumqulu Fəraqi

1

Ey yaranlar, neyləyim mən, yanan canım var mənim, Bazarı viran olubdur, ol dükkanım var mənim, Duzəx odundan betər atəş suzanım var mənim, Eşqə özün qurban qılan bir pərvanım var mənim, Neyləyim, səfil gəzib, Hindistanım var mənim.

Gül üzünü qılsa puş ol, ay-gün ondan utanar, Bağ içinə girsə məgər, şöləsindən gül solar, Nəzər salsa qəzəb ilən, bu cahan viran olar, Ölülər cana gəlib, bədbəxtlər iqbal alar, Neyləyim, ol ərəb zəban, ol bal zəbanım var mənim.

Gəldi əbr, qıldı savaş suyi-asman sayında, Behişt, irəm hasil olmuş bu cahan sarayında, Seyr qılıb gələr oldu rəməzanın ayında, Duzəxlər behişt olubdur, tövbə eylər cayında, Bu zəminin üzrəsində laməkanım var mənim.

Külli-aləm eşqi birlən od alıb nara bişər, Ruyinə müştaq olubdur, kövkəblər yerə düşər, Sərvilər gül bitirib, ətrafına qız üşüşər, Camal üzrə hindi xala heyrandır xeyrül-bəşər, Külli aləm gözəlindən ziyad cananım var mənim.

Qəfəs içrə çırpınıb, eşqinə pərvanə mən, Bülbül oldum, yetmədim, ol gözəl reyhanə mən, Sər salıb qıldım nəzər, bu eşqi-pünhanə mən, Eşqi bilən xakistər olan natəvanə mən, İstəməzəm ol behişti, behişt məkanım var mənim.

Görənlərin gözü doymaz, görməyən ərman çəkər, Ruyinə mayıl olub mən, tütünüm asman çıxar, Bağı içrə olsam hasil, alnımdan reyhan çıxar, Zülfü-siyah kakilindən gözəl zərəfşan çıxar, Zərəfşan daxil deyildir, Nil−ümmanım var mənim.

Dəştə səyyad olub girsə, qurtarmaz bir maralı, Bənd eyləmiş bir zülfünə qadir sübhan bu halı, Xəsislər felin unudub, sədəqə gəlmiş malı, Bilmənəm, canımdamı ol gözəlin xəyalı, Gül ruyinə gündə yanıb, onca fəğanım var mənim.

Zarıma tövbə qılıbdır qonşu, qardaş, ellərim, Bülbülə intizardır bağ içində güllərim, Zəmin ilən sürünübdür bəhri-Xəzər yellərim, Söyləyər Məxdumqulu, ol bal olmuşdur dillərim, Ərş içrə məkan tutan əcəb dastanım var mənim.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.