Əsas məzmuna keç

Heca şeiri

Var

Zəlimxan Yaqub

1

Yanağımda bu gün yenə sevinc yaşı sellənir, Heç bilmirəm gözlərimdə çaymı var, bulaqmı var?! Ucalıram ana yurdun qüdrətini görəndə, İnsan üçün bundan gözəl səsmi var, soraqmı var?!

Zəhmət oğlu söhbət açır torpaq adlı yarından, El gözəli xonça tutur bu zəhmətin barından. Gözüm, könlüm necə doysun təbiətin varından, Ətirsiz bağ, gülsüz çəmən, nəğməsiz dodaqmı var?!

Gözlərimdə yaşadıram naxışları, izləri, Ürəyimdə yaşadıram nəğmələri, sözləri. Ey xalqımın məhəbbəti, ey anamın gözləri, Məndən ötrü sizin üçün müqəddəs ocaqmı var?!

Qazandığı hər uğura xoş bir arzu, kam dedim, Çağlamaqdan yorulmasın bu yolda ilham dedim. Dənizinə məhəbbətim, dağına arxam dedim, Vətən kimi şirin nemət, el kimi dayaqmı var?!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.