Əsas məzmuna keç

Heca şeiri

Üzümüzü ağ eylədin, qara torpaq

Zəlimxan Yaqub

1

Övladını ana belə sevindirər, Aydan-aya, ildən-ilə sevindirər. Salxımları dolu gilə sevindirər, Oynayar əl, açılar qol, dolar qucaq, Üzümüzü ağ eylədin, qara torpaq.

Zəfər dedik, durmağımız tezdən oldu, Söhbətimiz dağdan oldu, düzdən oldu. Bəhər verdi, bir sünbüldə yüz dən oldu, Qanadlandı zəmilərdən gələn soraq, Üzümüzü ağ eylədin, qara torpaq.

Oğulları coşqun gördü, zirək gördü, Sinəmizdə Qoşqar boyda ürək gördü. Süfrəmizdə tükənməyən çörək gördü, Nemətinə heyran oldu gələn qonaq, Üzümüzü ağ eylədin, qara torpaq.

Ulu Şirvan, geniş Muğan, qədim Bərdə, Nəğmələrdə qalxıb endi pərdə-pərdə. Bəxtəvərdi belə yurdda, belə yerdə, Kəsilməz su, qurumaz çay, susmaz bulaq, Üzümüzü ağ eylədin, qara torpaq.

Üzə gülən heyvadımı, ya nardımı? Sənsiz belə şölə çəkib yanardımı? Məhəbbəti olmasaydı, sınardımı – Ağırlıqdan bar altında sındı budaq, Üzümüzü ağ eylədin qara torpaq.

Bu yollarda yağış oldu, quraq oldu, Hər qələbə gözdə yanan çıraq oldu. Ağ qızılın ucalığı bir dağ oldu – Qızıl əlin mükafatı qızıl bayraq! Üzümüzü ağ eylədin, qara torpaq!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.