Əsas məzmuna keç

Heca şeiri

Üzrxahlıq

Zəlimxan Yaqub

1
“Space” televiziya kanalında “Günaydın” səhər verilişində çıxış edirdim. Vəfa adlı bir jurnalist xanımın “Zəlimxan müəllim, dənizlə aranız necədir?” sualına – “Dənizi o qədər də sevə bilmirəm, mənimki dağlardı, mən dağlarda doğulmuşam”, – şəklində verdiyim cavab verilişə qulaq asan xalq şairimiz Qabilin haqlı narazılığına səbəb olmuş və “Zəlimxan, dənizdən gəl üzr istə” misrası ilə başlanan bir şeir yazmışdı. Mən də ustad şairimizin diqqətinə minnətdarlıq duyğuları ilə bağlı üzrxahlıq ruhunda bir şeir yazdım. Əziz oxucular! Buyurun oxuyun!

Oxudum şeirini, Qabil müəllim, Sözündə danlaq var, hökm var, ərk var. Ustad bir şairin təfəkküründə Sulara sevgi var, dənizi dərk var. “Zəlimxan, üzr istə Xəzərdən”, – dedin, “Salma dənizləri nəzərdən”, – dedin. Bu dağla, bu daşla, torpaqla bağlı Ruhumda minlərlə şərqi var, ustad! Mənim istəyimdə, məhəbbətimdə Dağ ilə dənizin fərqi var, ustad! Dəniz görməmişdim dağı görəndə, Dəniz heç yuxuma girməzdi mənim Dağın ətəyində alı, yaşılı, Dağın zirvəsində ağı görəndə. Dənizi sevməyə bilərəmmi mən, Mənim o kütlüyüm, o keyliyim yox. Bu dağlar ən doğma duyğularımdı, Dənizə heç zaman ögeyliyim yox! Axdım Borçalıdan bir bulaq kimi, Xəzər sahilində Xəzərə döndüm. Sazımla, sözümlə, şeiriyyətimlə, Şəhərdə təzə bir şəhərə döndüm. Baxdıqca çırpınan qağayılara, Ruhum da çırpındı ağ qanad kimi, İçim genişləndi Kainat kimi. Dünyada hamının Xəzəri yoxdu, Bu, şair qisməti, şair baxtıdı. Xəzərin sahili, Xəzərin özü Təkcə dövlətimin, millətimin yox, Həm də ürəyimin nur paytaxtıdı. Gözümün odudu, kənarındakı Nurlu sahillərdə Bakı var, Bakı! Bakı! Gəncliyimin sevən çağları, İşıq dalğaları, nur qaynaqları. Bakı! Yurdum-yuvam, evim-eşiyim! Müqəddəs ocağım, isti beşiyim! Mənim söhbətimin doğma anası, Mənim taleyimin böyük mənası. Necə qucaqlaşıb sevgililərtək, Dəniz şəhərdədi, şəhər dənizdə. Səpələ ömrünə xoşbəxtlik kimi, Gör necə açılır səhər dənizdə. Yaz deyir, gördüyün lövhələri yaz, Dalğa köpük-köpük, ləpə bəmbəyaz. Oynadar insanı, atar, yırğalar, İmtahan yeridir sərt qasırğalar. Qumlar sığallanar qız əlləritək, Sular qırçın-qırçın yanar zər kimi. Hər dalğa söz deyər, şeir oxuyar, Müşfiqin tarında pərdələr kimi. İnsan təbiəti dənizə bənzər, Qabarar, çəkilər, qalxar, uyuyar. Dəniz təbiəti insana bənzər, Coşar, sakitləşər, qızar, soyuyar. Sulara diz çöküb, baş əyməyi var, Gəzsə də min yolda, min izdə insan. “Dənizi sevmirəm” – deyən şairə Bulaq qənim olar, çay qənim olar. İnciyər göylərin qızıl Günəşi, Sularla öpüşən Ay qənim olar. Bir günah dalğası axdı dilimdən, Qəfil bir xatadı, çıxdı dilimdən. Dənizi çağırram öz köməyimə, Yusun, təmizləsin su günahımı. Səbrin də böyükdü, qəlbin də böyük, Ey dəniz, ey dalğa, yu günahımı. Adilsən, qadirsən, ey qadir Allah, Sən özün bağışla bu günahımı. Bir qum dənəsi də məndən incisə, Dağlardan, düzlərdən üzr istərəm! Xəzərin qəlbinə toxunmuşamsa, Bütün dənizlərdən üzr istərəm! Şairim, Qabilim, dostum, qardaşım, Xəzərə baxanda dolan, kövrələn, Yaşaran gözlərdən üzr istərəm! Tanrı çox görməsin mənim ömrümə, Nə dəniz sevgimi, nə dağ eşqimi. Bir ovuc torpağa dönənə qədər Qorusun bir dünya dəniz sevgimi, Qorusun bir dünya torpaq eşqimi!

2002, 20 sentyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.