Üstədi
Yaşıl yaylaqların yayına qurban, Gözəllər yenə də bulaq üstədi. Dili alışdıran, gözü yandıran, Alovlu nəğmələr dodaq üstədi.
Oğullar öyməli, qızlar seçməli, Güllər öpülməli, sular içməli. Yurd var, qucağına yazdan köçməli, Hər ömrün səfası bu dağ üstədi.
Yenə gözəlliyi salıram yada, Ucalır qəlbimdə min səs, min səda. Göylər taleyimə şöhrət olsa da, Mənim səadətim torpaq üstədi.
1978, 9 oktyabr Ağdam