Əsas məzmuna keç

Heca şeiri

Ustalar

Zəlimxan Yaqub

1
Özümə ev tikir, yuva qururam. Xeyli müddətdir ki, evimizdə ustalar işləyir. Hacı, Mu xtar, Şamil, Ağalar. Hansının adının birinci çəkilməyinə baxmayaraq, hər biri özlüyündə birinciliyə layiqdi. İstər sənətdə, qabiliyyət-də, istər adamlıqda, mərifətdə. Elə bil yüz ildi bir-birimizi tanıyırıq. Doğma qardaş kimi bir-birimizə qaynayıb-qarışmışıq. Onlar artıq mənim tərcümeyi-halımın bir hissəsinə çevrilib, yaddaş və könül dünyama daxil olublar.

Nə zaman gəlirəm əliniz işdə, Üstünüz-başınız toz-torpaqdadır. İşində heç zaman xəyanət olmaz, Haqq iş görənlərin əli haqdadır.

Hər sığal çəkəndə daşa, taxtaya, Sanki saçlarıma tumar çəkirsiz. Otaqdan-otağa işıq teli yox, Elə bil qəlbimdən damar çəkirsiz.

Əllər yaraşdırır kərpici, daşı, Əllər qaralmasa, üzlər ağ olmaz. Sevgidi, ürəkdi, hər şeyin başı, Ürəksiz heç nəyi yaratmaq olmaz.

Gözünüz işıqdı, qəlbiniz çıraq, Tanrı ruhunuza qol-qanad verib. Allahın verdiyi xoşbəxtliyə bax, Gör, sizə nə qədər istedad verib.

Yaratmaq istəyi ürəyinizdə, Bitir sünbül kimi, dolur dən kimi. Mişar da, balta da, mismar da, mıx da, Sizi başa düşür, siz deyən kimi.

Nə isə deməyə ehtiyac olmur, Fikrimi gözümdən oxuyursunuz. Yox, siz bir şairə ev tikmirsiniz, Bir sənət xalısı toxuyursunuz. Bu, şair evidi, el qapısıdı, Gör, bura nə qədər millət gələcək. Bura hər gələnin baxışlarında Sizə bir əvəzsiz hörmət gələcək.

Təriniz qarışdı torpağa, suya, Hər şeyə baxırdım mən duya-duya. Əbədi düşmənəm başdansovduya, Baş qoyub, hər şeyi baş yaratdınız.

Pəncərə dilində, qapı dilində, Döşəmə dilində, tavan dilində, İlmənin, naxışın, rəngin, boyanın, Dili var, dindirib sevən dilində. Nə varsa, hər şeyi danışdırdınız, Mahir ustalığın rəvan dilində. Siz bir möcüzəli iş yaratdınız, Dadın bu dünyanın hər nemətindən. İştah şəkər olsun, ağız bal olsun, Mənə bu zəhməti halal eyləyin, Sizə neylədimsə, qoy, halal olsun.

2002, 13 noyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.