Ustad Şəhriyar oxuyur
Səsin ömrü tükənməzdi, getdikcə yol gedər bəndə. “Ləhni-Davud” avazı var, enər şəhrə, düşər kəndə. Bu səs Haqdan gəlir, Tanrım, nə aşıqdı, nə xanəndə, Bu avazdan coşa gəlib zirvələrdə qar oxuyur, – Sus, oxuma, sus, ey bülbül, ustad Şəhriyar oxuyur.
Məcnuna bax, Leyli deyib min ildi səhrada yatır, Sirrimiz ərzi-əlada, dərdimiz dəryada yatır, Qırx yaşında el gözəli Behişti-Zəhrada yatır, Əzizəsi vaxtsız köçən yanğıyla “yar-yar” oxuyur, – Sus, oxuma, sus, ey bülbül, ustad Şəhriyar oxuyur.
Udmaq olmur, çəkmək olmur zalımlardan gələn dərdi, Hələ ki, ağladammırıq üstümüzə gülən dərdi. “Segah” ilə ovundurur yurdumuzu bölən dərdi, Tufarqanlı Abbas kimi ağlayır zar-zar oxuyur, – Sus, oxuma, sus, ey bülbül, ustad Şəhriyar oxuyur.
Ayrılığın nəfəs kəsən, zərbə vuran pəncəsi var, Bir görüşə gələn yolun min cürə işgəncəsi var. Bir-birinə həsrət qalan Ərdəbili, Gəncəsi var. Bakı-Təbriz dərdlərini çəkib xalqa car, oxuyur, – Sus, oxuma, sus, ey bülbül, ustad Şəhriyar oxuyur.
Şirin layla, oxşamadı, arı səsi, bal səsidi, Əl yetməyən bir arzudu, şirin bir xəyal səsidi. Mənim üçün elə bildim Xan səsi, İqbal səsidi1, Şairlə baş-başa verib kaman dinir, tar oxuyur, Sus, oxuma, sus, ey bülbül, ustad Şəhriyar oxuyur.
Tanrı ona bir ah verib, hey qaldırar ah dağına, Qaradağdan Qarabağa, Savalandan Şahdağına, Keçir “Şur” ilə “Şahnaz”ı, qalxır Cahargah dağına. Bir səslə Şəhriyar deyib, bu gün hər diyar oxuyur, – Sus, oxuma, sus, ey bülbül, ustad Şəhriyar oxuyur.
Bu səsdə tək gözyaşı yox, döyüş də var, cəngi də var, Səttərxanın nərəsi də, Arazın ahəngi də var, Hər muğamın öz təsnifi, hər təsnifin rəngi də var, Bir millətin damarında qeyrət dinir, ar oxuyur, – Sus, oxuma, sus, ey bülbül, ustad Şəhriyar oxuyur.
Sözü peyğəmbər məqamı, eşqi mələk mərtəbəsi, Şeirin şahı, haqqın qulu, taxtı fələk mərtəbəsi, Ətri, rəngi, təravəti gül və çiçək mərtəbəsi, Bağban açıb qucağını, ağac gülür, bar oxuyur, – Sus, oxuma, sus, ey bülbül, ustad Şəhriyar oxuyur.
“Heydərbaba” sətirləri dağa hopur, daşda qalır, Köçür zamandan zamana, könüldə, yaddaşda qalır, Qoca dünya qocalsa da, şair eyni yaşda qalır. Yaradanın sirlərindən olur xəbərdar, oxuyur, – Sus, oxuma, sus, ey bülbül, ustad Şəhriyar oxuyur.
Bu səs mənə Vurğun deyir, Süleyman, Bəxtiyar deyir, O tay-bu tay hər oylağı gəzək diyar-diyar deyir, Zəlimxana Vətən üçün yaz-yarat hər nə var deyir, “Vətən” adlı bir nəğməni min dəfə təkrar oxuyur, – Sus, oxuma, sus, ey bülbül, ustad Şəhriyar oxuyur.
2006, 20 avqust