Üşüdər insanı adı qürbətin
Yeri qızıl olsa, göyü zər olsa, Hər uçuq koması bir şəhər olsa, Daşları çevrilib ləl-gövhər olsa, Yenə də qürbətdən vətən yaxşıdır.
Yerini ən uca dərgah eyləsin, Sənə çox sirrini agah eyləsin, Səni öz mülkünə padşah eyləsin, Yenə də qürbətdən vətən yaxşıdır.
Sevgidən yoğrulmuş cənnətində gəz, Dünyada hüsnünə olmasın əvəz. Torpağı pir olsun, daşı müqəddəs, Yenə də qürbətdən vətən yaxşıdır.
Yaxın olan deyil yadı qürbətin, Üşüdər insanı adı qürbətin. Baldan şirin olsa dadı qürbətin, Yenə də qürbətdən vətən yaxşıdır.
2001, 15 iyun Vaşinqton