Əsas məzmuna keç

Heca şeiri

Uşaq doğulasan, uşaq öləsən

Zəlimxan Yaqub

1

Uşaqlar oynayır evdə, eşikdə, Körpələr uyuyur isti beşikdə. Baxıram, baxışlar bal yuxuludur, Görürəm dodaqlar süd qoxuludur. Hər biri çəmənin mehinə bənzər, Hər biri səhərin şehinə bənzər. Fərəhdən açılır bir könül kimi, Oynayır gül kimi, yatır gül kimi. Uşağa dönürəm uşaq görəndə, İnsanı qayğıdan uzaq görəndə. Bilmirəm nədənsə, körpəliyimdən Həmişə körpəlik vurğunuyam mən!

Böyük arzulardan doğula insan, Duruşda, əməldə dağ ola insan. Dəyişə boy-buxun, dəyişə qamət, Uca boy, şax yeriş ola, qiyamət. Bircə dəyişməyə qəlbin saflığı! Qala ürəyində su şəffaflığı! Bulaq duruluğu gözündə qala, Həyat şirinliyi sözündə qala. Vicdanda ləkədən payın olmaya Saflıqda əvəzin, tayın olmaya. Çökməyə ruhuna nə duman, nə çən, Hiylədən, qeybətdən, həsəddən uzaq, Uşaq doğulasan, uşaq öləsən!

İl üstə il gəlib yaş artanda da, Qocalıq gözünü yaşardanda da, Canın ağrılara tuş gələndə də, Qarlı, qasırğalı qış gələndə də, Ömrün hər anına gərək duyğular, Gülün ləçəyindən kövrək duyğular, Dönə, ürəyində dinən sim ola. Dönə, dodağında təbəssüm ola. İşığa çevrilə, nura çevrilə, Ocağa bənzəyə, qora çevrilə, Olsa da şöhrətin zirvələrlə tən, Uşaq doğulasan, uşaq öləsən!

Haram tanımayan əl saxlayasan, Yalan danışmayan dil saxlayasan. Yanında, yörəndə əzizlər ola, Yoldaşın həmişə təmizlər ola. Ruhuna yad ola giley, şikayət, Söhbətdə təzəlik, sözdə təravət, Keçə iliyinə, hopa qanına, Həzin layla kimi yata canına. Küskünlük olmaya yaşdan, ömürdən, Üzünə yaraşa saçındakı dən. Sellər axarını bulandırmaya, Uşaq doğulasan, uşaq öləsən!

Ürəklər almaya gündə bir zədə, Böhtanlar həyatdan baş alıb gedə. Tamahlar, iştahlar köçünü çəkə, Nə haram əl qala, nə haram tikə. Nə çətin dərd ola, nə ağır günah, Xəcalət hissiylə çəkməyəsən ah. Bu köhnə dünyanın dərib barını, Təzə saxlayasan duyğularını. Baxanda əlindən gedən ömrünə, Peşman olmayasan gəldiyin günə. Qocalıq gənclikdən geri qalmaya, Uşaqlıq marağın heç azalmaya. Gördüyün dünyadan gül ətri gələ, Olmaya pambıqla bir də baş kəsən. Alqışlar gorunu nurla doldura Uşaq doğulasan, uşaq öləsən!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.