Ürəyin ömrünü uzatdım bir az
O mənim nazımla çox oynamışdı, Bir az əvəzini qaytara bildim. Siyasət, rəyasət qalmaqalından Sakit bir guşəyə apara bildim, – Ürəyin ömrünü uzatdım bir az.
Çiyin ağırlaşır, beyin yorulur, Ürək daşıdığı yükdən asılı. Qırıla bilərdi, düşə bilərdi, Qalmışdı taleyi tükdən asılı, – Ürəyin ömrünü uzatdım bir az.
Hər nəfəs dərimi bir çəmən ətri, Torpaqdan güc aldım, yarpaqdan hava. Öpüşdüm günəşin şəfəqləriylə, İsindi sinəmdə üşüyən yuva, – Ürəyin ömrünü uzatdım bir az.
Təbiət sevinir şair görəndə, Bilir ki, sevəni, duyanı gəlir. Qarlı zirvələrin, gur bulaqların Həmdəmi, sirdaşı, həyanı gəlir. Məni görən kimi dodağı qaçdı, İncə təbəssümlə gülümsədi yaz, – Ürəyin ömrünü uzatdım bir az.
2006, 3 mart