Ürəyim, ay ürəyim
Fərhad külüngü kimi, qayaları yarardım, Gözəllər görüşünə məni sən aparardın, Ürəyim, ay ürəyim.
Məni sən aparardın ən müqəddəs yollara, Qüvvətini verərdin gen açılan qollara, Ürəyim, ay ürəyim.
Çəkilməz qayğılarla səni yaman yüklədim, Hər gün sənə od vurub odunu körüklədim, Ürəyim, ay ürəyim.
Əlli ildə bir dəfə nə dincəldin, nə yatdın, Hər görüşdə, səfərdə bir tamaşa yaratdın, Ürəyim, ay ürəyim.
Bu gün əllər uzalı bircə sağlam can üçün, Səni mən aparıram həkimə dərman üçün, Ürəyim, ay ürəyim.
Bu gün dostun, sirdaşın göynərtidi, sancıdı, Göynərtilər narahat illərin qazancıdı, Ürəyim, ay ürəyim.
Ölüm olsun ölümüm, olmasın zülüm kimi, Yaxşı nə var dünyada xoşbəxt bir ölüm kimi? Ürəyim, ay ürəyim.
Sənə olan istəyim gün kimi təmiz, aydın, Torpağın altına da məni sən aparaydın, Ürəyim, ay ürəyim.
2000, 22 avqust