Əsas məzmuna keç

Heca şeiri

Ürəyim, ay ürəyim

Zəlimxan Yaqub

1

Birnəfəsə səninlə yeddi bələn aşardıq, Sellər kimi kükrəyib, sular kimi daşardıq. Zirvəyə salam verib, dağla qucaqlaşardıq, Ürəyim, ay ürəyim.

İman adlı işıqda, sevgi adlı dindəsən, Eşqin göy yaylağında, yaşıl sinəsindəsən. Sən qaya köksündə yox, şair sinəsindən, Səni mənə ilahi pay verib, pay, ürəyim.

Ruhumuz göylərdədi, yerdə cana sığmırıq, Cahan bizə sığışır, biz cahana sığmırıq, Çox imtahan vermişik, imtahana sığmırıq, Sən bir qaynar çeşməsən, mən dəli çay, ürəyim, Ürəyim, ay ürəyim.

Yarıyaşa çatmamış məzarımız qazılsa, Adımız, soyadımız başdaşına yazılsa, Əhdimiz unudulub, dostluğumuz pozulsa, Yazıqlar olsun sənə, vay sənə, vay ürəyim, Yazıqlar olsun mənə, vay mənə, vay ürəyim.

Almaniya, Münster şəhəri, 2008, 15 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.