Ürəyim ağrıyır, yaman ağrıyır
Mən geniş göylərdə süzmək bilirdim, Vurulub torpağa düşmək də varmış. Aydın baxışlara, nurlu gözlərə, Qara şüşələrdən çeşmək də varmış. Nəğməli çay olub axmaq bilirdim, Qara bir daş olub susmaq da varmış. Zirvədən-zirvəyə yetişən səsi Boğub içəridə qısmaq da varmış, Ürəyim ağrıyır, yaman ağrıyır!
Mən öz ürəyimi polad bilirdim, Sən demə, kövrək bir şüşədən imiş. Nə üçün incədi, safdı qəlbimiz, O da tapdığımız peşədən imiş. Süzülən, düzülən, yanan, yandıran, Şeirin hər misrası ürəkdən keçir. O qədər dərdi var elin-obanın, Hər toyu, hər yası ürəkdən keçir, Ürəyim ağrıyır, yaman ağrıyır!
Göydə havamızı zəhərlədilər, Yerdə ruhumuzu qıt eylədilər. Yalın düşüncələr, çılpaq ağıllar Dolu ürəkləri lüt eylədilər. Pişiyə döydürüb pələngi, şiri, Çaqqal eylədilər, it eylədilər. Bütlər həyalandı, geri çəkildi, Alçağı qaldırıb büt eylədilər, Ürəyim ağrıyır, yaman ağrıyır!
Dərinə gedənlər batır dərində, Dərddən aralanıb dayaza çıxmır. Ömrünün qışını sərt keçirənlər Elə qışda qalır, heç yaza çıxmır. Havadan, torpaqdan, yerdən gileyli, Xeyirsiz xeyirdən, şərdən gileyli, Ömürdən narazı, gündən narazı, Tanrıdan küsülü, dindən narazı, Silahdan, güllədən, oddan nigaran, Yaxından yaralı, yaddan nigaran, Torpağı davalı, yurddan narahat, Quzudan narahat, qurddan narahat, Hər yerdə, hər şeyin fərqinə varan, Doğrunun uğrunda, haqqın yolunda, Özünü öldürən, bağrını yaran, Qəlbinə şübhələr daman ağrıyır. Üzdən gedənlərin işi pis deyil, Dərin fikirlərə cuman ağrıyır. Ürək ağrımasın, ürək neyləsin, Ürəyim ağrıyır, yaman ağrıyır!