Ürəkdə
Elə ki, tuş gəldin od baxışlara, Əriyər, sellənər buzlar ürəkdə. Tahirə çevrilər, Zöhrəyə dönər, Baş-başa dillənər sazlar ürəkdə.
Yerə də, göyə də ətrini saçar, Yanaqlar allanar, dodaqlar qaçar. Qönçə dodaqlanar, tumurcuq açar, Sevgi yavaş-yavaş sızlar ürəkdə.
Sevgi yağışında göy çəmən oldu, Gəlin bulaq oldu, qız çəmən oldu. Elə ki, duyğular göy çəmən oldu, Gəzər dəstə-dəstə qızlar ürəkdə.