Ürək-palıd
Heç kəsin namərdliyi qorxuda bilməz məni, Bircə sən namərd çıxma, göstər əsl mərdliyi. Sən elə duruş gətir tufanların önündə, Sənə həsəd aparsın Palıdların duruşu, qayaların sərtliyi.
Mən bir palıd görmüşdüm, otuz il bundan qabaq, Şimşək çaxdı başında, bürüşüb yıxılmadı. Tufan yıxmaq istədi, alov yıxmaq istədi, Nəhəng gövdə, şax bədən Yerindən oynasa da, kökündən yıxılmadı.
Çəkildi qara bulud, bulud altdan çıxdı gün, Çaxıb getmişdi şimşək, palıd yerində idi. Niyə yıxa bilmədi tufanlar o nəhəngi, Eşqi Tanrı yanında, kökü dərində idi.
O şax palıda bənzə, mənim qaynar ürəyim, Təngnəfəsəm deyib parçalanma, sıxılma. Düşmənim qəh-qəh çəkər, dostum yas tutub ağlar, Sənə yıxılmaq olmaz, sən möhkəm ol, yıxılma!
2006, 2 aprel