Unudulmaz ağsaqqalımız Rəşid Mahmudovun xatirəsinə
Mən onu həmişə işiqlı, nurlu, Mən onu həmişə ziyalı gördüm. Səmimi, mehriban, ötkəm, qürurlu, Abırlı, ismətli, həyalı gördüm.
Mən onu görəndə başa düşürdüm, Nədir, nə deməkdir ağsaqqal olmaq. Bir evin içində dünyaya gəlib, Bir elin içində bir mahal olmaq.
Qələmə dəftərə nur yağa-yağa, Yazdıqca yazırdı Rəşid müəllim. Qaynar cavanlara dayaq olmağa, Həmişə hazırdı Rəşid müəllim.
Nurlu çöhrəsindən işıq süzülür, Yaratmaq eşqiylə aşıb-daşırdı. İstedad tapanda gözləri gülür, Gəncləri görəndə cavanlaşırdı.
Ruhu təmiz idi dümağ qar kimi, Qəlbi çıraqlıydı Rəşid müəllim. Məğrur palıd kimi, xan çinar kimi, Qollu-budaqlıydı Rəşid müəllim.
2009, 7 oktyabr