Əsas məzmuna keç

Qoşma

Ulu ozan

Zəlimxan Yaqub

1
Aşıq Hüseyn Saraçlının unudulmaz xatirəsinə

İstər alış, istər tutuş, istər yan, Torpaq altda cahan canlar apardı. Çox oğullar köç eylədi dünyadan, Sinəsində çox dastanlar apardı!

Toyum toya qarışardı əzəldən, Bircə ayda yasım yasa qarışdı. Heç bilmirəm nə ad verim buna mən, Ölümə bax, nə amansız yarışdı.

Demədi ki, ozanlara ozandı, Ulu Tanrı iki insan itirdi. Nə qazandı sazın ömrü qazandı, Nə itirdi, Azərbaycan itirdi.

Sahillərə çox gəmilər yan alar, Çox arzular öz barını gətirər. Xan Əmrahı bir də doğmaz analar, Saraçlını zaman çətin yetirər!

Köç günüdür, ay obalar, ay ellər, Çox sevdiyi bir havanı çaldırın. Qoy boşalsın dolu gözlər, könüllər, Onu yerdən “Mansırı”yla qaldırın!

Xəbər verin, səs yetişsin hər yana, Bizi Ləlvər, Lök, Ağlağan dinləsin. Saraçlını tapşırırıq torpağa, Qoca dağlar qəmli dastan dinləsin.

Saraçlını tapşırırıq torpağa, Dərə ağla, təpə ağla, düz ağla! Qaynar bulaq, dostun köçür dünyadan, Göz yaşını daşdan-daşa süz, ağla!

Ozan baba, dünya qalan, sən gedən, Ayrılırıq “Ruhani”dən, “Cəngi”dən. Yası görüb öz toyunu ləngidən, Gəlin ağla, oğul ağla, qız ağla!

Bəd xəbərlər biz-biz eylər tükümü, Dağ götürməz dağdan ağır yükümü. Əcəl yaman baltaladı kökümü, Könül ağla, ürək ağla, göz ağla!

Teldən ayrı təzənələr, nəm çəkər, Duyan ürək dərd daşıyar, qəm çəkər, Səndən ötrü min cür nazı kim çəkər? Pərdə ağla, sədəf ağla, saz ağla!

Yüz dəfə çək, yersiz ahdan nə çıxar, Qəlbi yasda saxlamaqdan nə çıxar. Ay Zəlimxan, ağlamaqdan nə çıxar, Az sızılda, az inildə, az ağla! Saraçlının taleyindən əsər yaz, Saraçlının dastanını yaz, ağla!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.