Uçuşlar
Bütün ömrüm boyu, həyatım boyu, Quş kimi uçmuşam yuxularda mən. Qonub ən dəhşətli sıldırımlara, Cəsarət tapmışam qorxularda mən.
Çaldıqca çalmışam qanadlarımı, Ətəkdən zirvəyə, dərədən dağa. Üfüqlər həmişə hazır dayanıb, Öz şair oğlunu qucaqlamağa.
Mənim qanadlanmış yuxularıma, Daş da atan olub, güllə atan da. Qayıdıb hər kəsin özünə dəyib, Mənə çatmayan da, mənə çatan da.
Harda uçmaq olar, harda dayanmaq, Quş dili öyrətdi bu quşlar mənə. İqlimdən-iqlimə soraq apardı, Tanıtdı dünyanı uçuşlar mənə.
Saymaqla qurtarmaz, deməklə bitməz, Yuxuda nə gördüm, kimləri gördüm. Tilsimlər sındırdım, qıfıllar açdım, Xəyala sığmayan dəmləri gördüm.
Özümü göylərin yeddi qatında, Gücümü qırılmaz qanadda gördüm. Tuşuma gələnlər başıma gəldi, Hamısı çin oldu həyatda gördüm.
Sevgim sal qayada gül bitirəcək, Daşlar göyərəcək, mamır bitəcək. İlahi, bitirmə uçuşlarımı, Uçuşlar bitəndə ömür bitəcək.
Türküstan, 2009, iyul