Üçtelli durna
Dostluğun nəğməsi baldan şirindir, Tellər bu eşq ilə ötür, ay sazım. Sən varsan, həyatda mən varam demək, Səsimi hər yana yetir, ay sazım. Göstər qüdrətini sən dost ellərə, Dünyanı yurduma gətir, ay sazım. Bu uzaq səfərdə uğurlar sənə, Həsrəti dünyadan itir, ay sazım. Orda nəğməkarım, şairim yatır, Müqəddəs məzarı ziyarət üçün Bir ovuc torpaq da götür, ay sazım. Mənim salamımı, mənim sözümü, Leylini Məcnuna yetirən kimi Babam Füzuliyə yetir, ay sazım. Arazdan deyənə Xasa çayına, Köksünü dərindən ötür, ay sazım. Qarşına çıxacaq qardaşım, bacım, Bilirəm üzündən öpəcək sənin. Qorqudun ruhunu səcdəyə gəlib, Telinə gül-çiçək səpəcək sənin. Sən də həzin-həzin dillənəcəksən, Çalıb laylasını yaşıl düzlərin, Neçə yol xallanıb güllənəcəksən. Dolan addım-addım, gəz qarış-qarış Eyvaz durna teli yığan yerləri, Yağış əvəzinə torpaq üstünə Xurmanın yarpağı yağan yerləri. Ovçular ovdadı, ehtiyat eylə, Səni durna bilib vuran olmasın. Bir telin qırılsa bağlamaq olar, Könül tellərini qıran olmasın. Yetir, nəğmə yetir, nişanə yetir, “Vidadi xəstədən Bağdad elinə”. Dindir bulaqları, dindir çayları, Qarışsın nəfəsin səhər yelinə. Nəğməsiz keçməsin həyatın sənin, Axsın ürəklərə bayatın sənin. Saz köynəkdən çıxsa, el yasdan çıxar, Danış, telli sazım, özümdən danış. Aləmi yandırıb, özü yanmayıb, Quru taxtadakı dözümdən danış. Qurbani ömürlü, Şəmşir nəfəsli, Ələsgər kamallı sözümdən danış. İgid oğulların sözü düşəndə, Hayla “Gəraylı”nı, hayla “Cəngi”ni. “Misri”də nəfəs ver Misri qılınca, El, mahal dinləsin qoy ahəngini. Sən dilə gələndə tək insan deyil, Göy də qulaq asar, yer də dinləyər. Həzin havalardan doymaz ürəyi, Min dəfə dinləyən bir də dinləyər. Bugünkü sevginin başqadır dadı, Ağ günlər eşqinə dastan deyərsən.
Çoxdan yola salıb ağır illəri, Yurdumuz çıxıbdır yasdan deyərsən. Öpər, əzizləyər qardaş qardaşı, Anadan, bacıdan, dostdan deyərsən.
Eləmi göynətdi eşqi telləri, Kərəmin ahından dağ dada gəldi. Əslinin nəfəsi dəydi güllərə, Bülbül nalə çəkdi, bağ dada gəldi.
Aşiqin üstünü aldı duman, çən, Tez düşdü sevənin saçlarına dən. Dünyanı yandıran dərdin əlindən, Əridi qəlbində yağ, dada gəldi.
Gün belə keçmədi, açıldı yazım, Güldü çiçək kimi eşqim, avazım. Atadan oğula pay oldu sazım, Bakıdan baş aldı Bağdada gəldi.