Üçgünlük nağıl
Alman torpağında təbiət mənə, Üç gün üç gecəlik nağıl danışdı. Yerlər də, göylər də açdı sirrini, Ürək pıçıldadı, ağıl danışdı.
Bu yaşıl dünyaya bax, gözlərimə bax, Sular cilvələnmiş nazlı pəridi. Qayalar döşündən süzülən bulaq, Heynenin məhəbbət nəğmələridir!
Tanrı töhfəsidi hər qarış yeri, Təmizdi, təzədi, tərdi, yenidi. Dağlar bu torpağın qoca Şilleri, Çaylar bu millətin Bethovenidi!
Duyğular baş vurur ənginliklərə, Uçur, qanadlanır söz də, sənət də. Allaha qovuşur insan övladı, Dahilər yetirən bir məmləkətdə!