Əsas məzmuna keç

Heca şeiri

Üç şərt

Zəlimxan Yaqub

1
Ata babam Şamil kişi deyərdi ki, üç şərtə görə nəvələrimin içində hamıdan çox Zəlimxanı sevirəm: o yeyəndə doymur, işləyəndə yorul- mur, danışanda mızıldamır. Bu sözlər babamın dilindən çıxanda onun yaşı doxsanı keçmişdi, mənimki isə iyirmi beşi.

Belə bir marağım, belə bir eşqim, Belə bir həvəsim var idi mənim: Yeddi aşırıma, yeddi bələnə Doy gələn nəfəsim var idi mənim. Seldən güc almışdı, sudan bərəkət, Kəsilməz gur səsim var idi mənim. Yeriyə-yeriyə əldən salırdı, Ayağım dərəni, düzü yeyirdi. Qartal cəsarətim, pələng iştahım, Erkək parçalayır, quzu yeyirdi. Şimşək oynayırdı baxışlarımda, Gözüm gözəllərdə gözü yeyirdi. Yeri gözlərimə yığırdım onda, Göyü gözlərimə yığırdım onda, Dağların nə qədər dəyanəti var, Çəkib dizlərimə yığırdım onda, – Doymurdum, doymurdum, doymurdum ancaq.

Bütün ağılların ağlı mən idim, Elə bil Allahın oğlu mən idim. Yerə də, göyə də naz eyləyərdim. Evdə nə vardırsa – balta, süpürgə, Yarmaça qırığı, taxta parçası, Basardım sinəmə, saz eyləyərdim. Nura çevrilərdim, işıq olardım, Dastan danışardım, aşıq olardım, Qədim nağılların qəhrəmanıtək Zarafat edərdim əjdahalarla, Ovcumun içində köz götürərdim. Ərzurum dağında Lələyə dönüb, Kərəmin nazını götürən idim, Hələbdən Tiflisə Aşıq Qəribi Şahsənəm toyuna yetirən idim. Beynim yazılmamış ağ varaq idi, Deyilən nə varsa, tez götürərdim. Qarıdan, dəlləkdən, aşıqdan, eldən, Hərədən bir cürə söz götürərdim. Ağbirçək öyüdü, ağsaqqal nuru Çiçəkdən ətirli, çeşmədən duru, O nurdan, işıqdan, bakirəlikdən, İçdikcə içirdim, doymurdum onda. Zirvələr dolaşır, dağlar aşırdım, Dərələr keçirdim, doymurdum onda.

Dişi qırılırdı, teli sınırdı, Saçlarım gündə bir daraq yeyirdi. Qələmim söz üçün açıb ağzını, Gündə neçə-neçə varaq yeyirdi. Dişim daş çeynəyir, içim dağ udur, Əkinçi əllərim torpaq yeyirdi. Şeirimin iştahı çox idi məndən, Şamı əridirdi, mumu yeyirdi. Almazdan itiydi xışımın ağzı, Daş-daş, kəsək-kəsək şumu yeyirdi. Arıçı yanında baldan doymurdum, Bal kimi söhbətdən doymurdum onda. Qarışqa gücünə, arı hökmünə, Tükənməz heyrətdən doymurdum onda. “Səni bütün yesəm doymaram” deyib, Bütün varlılardan varlı görünən, Kasıbın qızından doymurdum onda. Cazibə yeriydi el məclisləri, Aşığın sazından doymurdum onda. Mənə vermişdilər eşqi, həyatı, Mənə vermişdilər bu Kainatı. Yenə də gözüm ac, könlüm ac idi, Doymaq mənim üçün ölümdən betər, Doymamaq əbədi ehtiyac idi, – Doymurdum, doymurdum, doymurdum onda.

Həftə nə, fəsil nə, gün nə, ay nədir, O zaman mənimçün zaman yox idi. Ulduztək yanırdı fikrim, xəyalım, Ruhumun göyündə duman yox idi. Onda mənim üçün üzr, bəhanə, Onda yorulmağa güman yox idi. Səyyah dirsəyini dizinə qoyub, “Bir azca dincimi alım”, – deyirdi. Dağlara çıxanda enmək istəmir, “Qalım, bu yerlərdə, qalım”, – deyirdi. Qaçan da, qovan da nəfəs dərirdi, Ovçu dincəlirdi, ov yorulurdu. Tükənir işığı, azalır odu, Alışıb-yanmaqdan qov yorulurdu. Hamı dincəlirdi, rahatlanırdı, Dincini almayan bir mən olardım. Alovu gur yanan gecə tonqalı, Suları gur axan yer mən olardım. Buludlar bağrından od kimi qopan Şimşəklər yoruldu, mən yorulmadım. Bu dağdan o dağa atını çapan Küləklər yoruldu, mən yorulmadım. “Vallah, işləməkdən öldü bu uşaq”, – Atamın, anamın bu sözlərindən Güc-qüvvə alardım, ölməzdim onda. Maraqla baxsam da yorulanlara, Yorulmaq nə idi, bilməzdim onda.

Şux yeriş, şux duruş, aydın danışıq, Hər sözdə Tanrıdan süzülər işıq. Dil aydın, ruh təmiz, fikirlər duru, Hər sözün canında torpaq sevgisi, Oğul cəsarəti, kişi qüruru. Mənim danışığım, mənim söhbətim Atamın, anamın öz dilindədi. Füzuli danışan Bayat dilində, Qorqudun çaldığı saz dilindədi. Dızıltı, mızıltı, vızıltı deyil, Dolaşıq fikirlər yaddı bu dilə. Ələsgər sığalı, Vurğun ləngəri Şəkərdi, şərbətdi, baldı bu dilə. Mənim Şamil babam, ruhun şad olsun, Mən səndən öyrəndim körpəliyimdən Mərd ilə mərd olub, mərd danışmağı, Yumşaqla yumşalıb, ipəyə dönüb, Sərt ilə sərt olub, sərt danışmağı. Gərək çatdırasan adam dilində, Sevinc danışmağı, dərd danışmağı. Belə yaranmışam yaranışımdan, Çiçəklə danışar, mızıldamazdım. Tanrıya, Allaha tutub yönümü, Fələklə danışar, mızıldamazdım. Unuda bilmirəm həyatım boyu, Qulaqda sırğadı sənin sözlərin. Sərin dağ mehidi, əsən küləkdi, Dəli qasırğadı sənin sözlərin. Doymuram, ay baba, narahat olma, Gözümə yığdığım göydən doymuram. Sazın meydanıdı sinəmin üstü, İçimi yandıran neydən doymuram. Allah sevgisidi məndəki sevgi, Beşikdən, yuvadan, yurddan doymuram. Füzuli övladı “bəlayi-eşqəm”, Dərdim çox olsa da, dərddən doymuram. Qabaqdan yüz gəlir, narahat olma, Dünyanı qucsam da, yorulmamışam. Ölkədən ölkəyə, kənddən şəhərə Quş kimi uçsam da, yorulmamışam. İllərin sınağı ağır olsa da, Əllini aşmışam, yorulmamışam. Dərvişə, ozana, səyyaha dönüb, Yurdu dolaşmışam, yorulmamışam. Kişini kişitək bütövləşdirən Süd ilə sümükdü, qan ilə ilik. Babamın sözündə bır ucalıq var, Babamın sözündə mərdlik, kişilik. Onun sözlərinə kölgə salmağım Zülümdən ağırdı, ölümdən betər. Bir nəsli salamat böyütmək üçün Babamın üç kəlmə söhbəti yetər. Çöksə sinəm üstə qəfil ağrılar, Kədər qat-qat olsa qaşımın üstə, İblis at oynatsa başımın üstə, Ölüm işə keçib, əcəl tələssə, Əzrayıl qılıncı dilimi kəssə, Ay baba, ay baba, narahat olma, Göz-göz açılsa da sinəmdə yaram, Heç yerdə, heç zaman zarımamışam! Heç yerdə, heç zaman mızıldamaram!!!

2005, 17 iyul Kislovodsk

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.