Əsas məzmuna keç

Heca şeiri

Üç çeşmə

Zəlimxan Yaqub

1
23 günlük səfər yoldaşlarım Mais Səfərliyə, Səyyad Arana, Mixail Zabelinə

Hər yoldaş bir arxa, bir dayaq yeri, Hər dost uçmaq üçün quş qanadıymış. İnsanın özüymüş od-ocaq yeri, Qayğılar insanın baş qanadıymış.

Səfərdə ucalır, balacalaşır, Səfərdə böyüyür, kiçilir insan. Saflığı varsa da qaynayır, daşır, Bulaq suyu kimi içilir insan.

Qaşın çatılanda alır üstünü, Alışır, səməndər quşuna dönür. Yandırır ocağı, qovur tüstünü, Başına fırlanır, başına dönür.

Yolunda yorulsan, “uf” demə qəti, Gözəl adamların özü ziyarət. Könül ver, yaxından duy təbiəti, Duru bulaqların gözü ziyarət.

Yaxşı oğullarla yola çıxanda, Nə ağrın, azarın, nə sancın olur. Kişi əllərini möhkəm sıxanda, Həqiqət, cəsarət qazancın olur.

Sağlamdır özülü, möhkəmdir himi, Ömrümü verərdim onlara bu dəm. Kolumb Amerika kəşf edən kimi, Mən də bu dostları kəşf eyləmişəm.

Gör neçə iqlimdən iqlimə keçdim, Zərrəcə düşmədim qəmə, dərdə mən. Qaynar çeşmələrin gözündən içdim, Üç çeşmə qazandım bu səfərdə mən.

2001, iyun

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.