Ucalıq
Hamının can atdığı, Az adamın çatdığı, Əlin yetişmədiyi, Ruhun at oynatdığı, Bir məqamdı ucalıq.
Çiyində şahlıq quşu, Başda şahlıq tacıdı. İlahi mərtəbəsi, Peyğəmbər meracıdı. İnsana haqdan gələn, Ehtiramdı ucalıq.
Dünyanın bu başında Çəkərsən nəfəsini, Dünyanın o başında Eşidərlər səsini. Nəfəs kimi dərilən, Yaradandan alınan, Yaradana verilən, Bir salamdı ucalıq.
Haqq yazanda qiyməti, Ucuzlar baha gəlməz. Eşqə gələn gözəllik, Nəfsə, tamaha gəlməz. Öpər dərviş əlini, Aldanıb, şaha gəlməz. Canda Allah eşqinə, Yanan şamdı ucalıq.
2002, 25 mart