Ucal qanadında bu nəğmələrin
Sənə ki yaradan güc-həvəs verib, Tanrıdan pay olan bir həvəs verib. Sənin ki səsinə göylər səs verib, Sevgisi yerlərdən göylərdən dərin – Ucal qanadında bu nəğmələrin!
Sığalı, naxışı, mərməri, tülü, Təzə bir dünyadı hər səsin gülü. Ruhunla sığalla, oxşa bülbülü, Bağlar zümzüməli, bağçalar sərin – Ucal qanadında bu nəğmələrin!
Gah zili xoş gəlir, gah da ki pəsi, Haqq sevər nəğmələr yaradan kəsi, Gəlin qəhqəhəsi, gözəl cilvəsi, Qoşa qanadıdı kişinin, ərin – Ucal qanadında bu nəğmələrin!
Hər nəğmə haqq sözü, Quran ayəsi, Söz varı-dövləti, həm sərmayəsi. Tanrının nəzəri, haqqın sayəsi, Qıra qanadını böhtanın, şərin – Ucal qanadında bu nəğmələrin!
Dünyada nə qədər ah çəkən olub, Məcnun bəxtəvərin ahı başqadı. Dünyaya nə qədər şah gəlib-gedib, Sevginin sultanı, şahı başqadı. Baş vermə ötəri parıltılara, Ömrü beş günlükdür sərvətin, zərin. İnsan avazında Allah eşqi var, Ucal qanadında bu nəğmələrin!