Tut
Dünya görməz, tutqun qalsan bir küncdə, Badi-pa tək yer üzünə gəldim tut. Çin-Maçində, Rumda, hinddə, həbəşdə Olan-olmuş hünərləri bildim tut.
Ac da olsan, varma yada diləyə, De: «Köşkdəyəm, başım çatmış fələyə», Çöldə qalsan, heç tapmasan bir sayə, İrəm bağı içrə sayə buldum tut.
Aş görəndə, özün atma irəli, Gərçi ac olsan da, tez çəkil geri, Zər tökübən, bəslə gerçək ərləri, Tez ölsən də Nuh yaşına gəldim tut.
Möhtaclığın haqdan özgə bilməsə, Ol ruzigar heç üzünə gülməsə, Hindi kimin əynin-başın olmasa, Sən şahların xələtini geydim tut.
Suya, yelə hökmü keçən Süleyman, Baxsan, ondan nə nam qaldı, nə nişan, Təşnə qalsan, yerin olsa çölüstan, Dərya içrə mən İskəndər oldum tut.
Yoldaş olsan dilə düşməz mur ilə, Fərş tapmayıb yerdə yatsan mar ilə, İyirmi altı kərə yüz min ər ilə Qarun xəzinəsin ələ aldım tut.
Məxdumqulu, çəksən cəfa, cəbr, bil, Xudaya xoş gələr, şükr, səbr, bil, Bu qıl cana qızıl təni qəbr bil, Qızıl dilin sözlər ikən öldüm tut.