Əsas məzmuna keç

Sərbəst şeir

Türkün ruhu

Zəlimxan Yaqub

1

Bu gün Ay daha nazlı, ulduz daha nurlu, gün daha parlaq. Torpağıma bir Ay ruhu, ulduz ruhu, gün ruhu gəldi. Şahinlərə, ulduzlara qucaq açdı, Bakı şəhəri – Türkün ruhu, Türkün ruhu, Türkün ruhu gəldi!

Yerə baxdım, göyə baxdım, meydana baxdım, Bu uçuşlarda ötən dövrana baxdım, İstanbulu fəth etmiş Mehmet Sultana baxdım. Malazgirdə möhür vurmuş Alp Arslana baxdım. Torpağıma bir ulduz ruhu, Ay ruhu, gün ruhu gəldi. Türkün ruhu, Türkün ruhu, Türkün ruhu gəldi!

Bu uçuş karlıqlara, darlıqlara, qəfəslərə üsyan, Zəncirlərə, təhqirlərə, məhbəslərə üsyan. Haqqı əzən, Allahı danan nakəslərə üsyan. Türk oğlu Türk Cavidin sürgün ruhu gəldi, Türkün ruhu, Türkün ruhu, Türkün ruhu gəldi!

Oğuzumdu, ağ üzümdü, qopuzumdu bu qüdrət, Qılıncımdı, qırmancımdı, toppuzumdu bu qüdrət. Əbədimdi, tükənməzim, sonsuzumdu bu qüdrət, Çılğın ruhu, coşqun ruhu, gülgün ruhu gəldi, Türkün ruhu, Türkün ruhu, Türkün ruhu gəldi!

Uçaqlardan ucalarda uçdu ürəklər, Tamaşaçı yerdə insan, göydə mələklər, Hünər gördü, təpər gördü titrəşdi fələklər. “Azərbaycan” hayqıraraq Atatürkün ruhu gəldi, Türkün ruhu, Türkün ruhu, Türkün ruhu gəldi!

2001, avqust

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.