Əsas məzmuna keç

Qoşma

Türkmənin

Məxdumqulu Fəraqi

1

Ceyhun ilə bəhri-Xəzər arası, Çöl üstündən əsər yeli türkmənin. Gül-qönçəsi - qara gözüm qarası, Qara dağdan enər seli türkmənin.

Haqq rəy verib, vardır onun sayası, Oynaşar çölündə nəri, mayası, Rəngbərəng gül açar yaşıl yaylası, Qərq olmuş reyhana çölü türkmənin.

Al-yaşıl bürünüb çıxar pərisi, Yayılar ənbərin xoş rayihəsi, Törə, bəy, ağsaqqal - yurdun yiyəsi, Necə gurdur gözəl eli türkmənin.

Ol mərdin oğludur, mərddir pədəri, Koroğlu qardaşı, sərxoşdur səri, Dağda-düzdə qovsa səyyadlar, diri- Ala bilməz, yolbars oğlu, türkmənin.

Bir olub könüllər, ürəklər, başlar, Yığılsa, əriyər torpaqlar-daşlar, Bişib bir süfrədə yeyilsə aşlar, Çiçəklənər ol iqbalı türkmənin.

Könül havalanar ata çıxanda, Dağlar lala dönər qıya baxanda, Bal gətirər, coşub dərya axanda, Bənd saxlamaz, gəlsə seli türkmənin.

Qafil olmaz, döyüş günü xar olmaz, Qarğışa, qüvvətə giriftar olmaz, Bülbüldən ayrılıb, solub zar olmaz, Daim ənbər saçar gülü türkmənin.

Tirələr qardaşdır, uruğ yarıdır, İqballar tərs gəlməz, haqqın nurudur,

Mərdlər ata minsə, savaş sarıdır, Qəsbkara yürür yolu türkmənin.

Sərxoş olub çıxar, ciyər dağlanmaz, Daşları sındırar, yolu bağlanmaz, Gözüm dalda qalsa, könül əylənməz, Məxdumqulu, sözün çalı türkmənin.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.