Əsas məzmuna keç

Qoşma

“türk ocağı”nda görüş

Zəlimxan Yaqub

2

Meydan bizim, şəhər bizim, yurd bizim, Biz nə küncdə, nə bucaqda görüşdük. Özül daşı min il əvvəl qoyulmuş, Ağ sarayda, gen otaqda görüşdük.

Öz elimdi türkün eli, ulusu, Ulu tarix, ulu torpaq, ulu su. Görə bildik gözlərimiz dolusu, Sevgi adlı bir bulaqda görüşdük.

Kitabım bir, imanım bir, dinim bir, Süsənim bir, sünbülüm bir, dənim bir. Olacaq bir, dönəcək bir, dönüm bir, Bir kök üstə min budaqda görüşdük.

Görüşənlər bir-birinə yovuşdu, Bir olanda dərd bizlərdən sovuşdu. Dünənimiz, bu günümüz qovuşdu, Həm yaxında, həm uzaqda görüşdük.

Öz ömründən ömürlərə pay verən, Bayrağına ulduz verən, Ay verən, Gündoğandan günbatana hay verən Möcüzəli bir torpaqda görüşdük.

“Türk ocağı” beşiyidir türkümün, Türküm oddu, türküm səsdi, türküm ün. Tarixidi görkəmimin, görkümün, Bax bu yurdda, bu ocaqda görüşdük.

İstanbul, 1994, yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.