Əsas məzmuna keç

Heca şeiri

Tükənməz şairlər

Zəlimxan Yaqub

1

Şehdə dəniz görür, güldə gülüstan, Göyləri gözündə daşıya bilir. Tükənməz şairlər tükənməzliyi, Hər sözün ruhunda yaşaya bilir.

Alır dan yerindən nuru, işığı, Hisslərin təmizi, ruhun pakı var. Harda bir tükənməz ilham qaynasa, Orda ilahinin iştirakı var.

Fikri buludların köhlən atında, Kökləri torpağın yeddi qatında, Qəzəbi göylərin gurultusunda, İşığı şimşəyin parıltısında, Nəfəsi bulağın zümzüməsində, Nəğməsi torpağın, suyun səsində, Sel olub çağlayan tükənməz olur. Eşqini tanrıya, meylini haqqa, Əbədi bağlayan tükənməz olur.

Hər bir istedadın yanında hazır, İblisin fitvası, şeytanın şəri. Nə qədər daş atdı bağa, bostana, Tükədə bilmədi tükənməzləri.

Günəş Kainatın, ulduzlar göyün, Çəmənlər, çiçəklər yerindi yenə. Tükənən şairlər tükəndi, getdi, Tükənməz şairlər şeirindi, yenə.

2002, 1 avqust

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.