Əsas məzmuna keç

Qoşma

Toy günündür

Zəlimxan Yaqub

1

Toy günüdü, bu məclisin bəyinə bax, Çal-çağıra, kamanına, neyinə bax. Təbiətin yerinə bax, göyünə bax, Ömür çatıb bir şöhrətə, şana burda.

Bu dünyanın hər qəmindən uzaq olar, Sevincindən aşıb-daşan uşaq olar. Öz-özünə bir çağlayan bulaq olar, Qəlbi olan çəkilərmi yana burda?!

Baş örpəkli, yaxa qızıl düyməlidir, Qapılar var, elçi əli döyməlidir, Kimə baxsan bir-birindən öyməlidir, Sevə oğlan, gözəlləri sana burda!

Günəş doğub bu varlığa, bu həyata, Gəlişində dağ vüqarı, gülür ata, Bir havanın laylasına yata-yata Qollarını geniş açır ana burda.

Bir can olsun yerin səsi, göyün səsi, Kəsilməsin qulaqlardan neyin səsi. Toyçu qardaş, elə çal ki, toyun səsi Qoy işləsin lap iliyə, qana burda!

Söz sinədən axsın gümüş çaylar kimi, Şirin olsun dostdan gələn paylar kimi, Anın ömrü qoy uzansın aylar kimi, Günün ömrü heç çatmasın sona burda!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.