Əsas məzmuna keç

Heca şeiri

Toxumlar, cücərtilər

Zəlimxan Yaqub

1

O adam ki, cılızdı, O adam ki, xırdadı, Başı göyə dəysə də, Axırı axırdadı!

Budaq əyilirsə, yetişir barı, İnsan əyilirsə, sınır vüqarı.

Dağa çıxdım, dəyə qurdum, Xana qurdum, bəyə qurdum. Belə ki, tez köçəsiydim, Heç bilmədim nəyə qurdum.

Yoxdur döyünməyi, yoxdur duymağı, Hicranın ürəyi daş yuvasıdır. Sənsiz məhəbbətim çılpaq budaqda Yellərə yem olan quş yuvasıdır!

Tayfalar, ay tayfalar, Qardaş öz qardaşından Əvəz çıxar, heyf alar!

Gözlədiyim fikir vardı, Yavaş-yavaş gəldi çıxdı. Sanki, qaya sinəsini Çiçək kimi dəldi çıxdı!

Bizim dostluğumuz tutur, ey kədər, “Dilqəmi” üstündə ötən sazıq biz. Ömrümün, günümün sonuna qədər Yağışla buludtək ayrılmazıq biz.

Əzizim arxasızdı, Su gəldi arxa sızdı. Təpə var arxalıdı, Dağ gördüm arxasızdı!

Təzənəm var, Sazım var, təzənəm var. Kimin nəfəsi dəyib, Üzündə təzə nəm var.

Çiçəklər telini darayıb, hörüb, Yoluma nur saçıb hər səhər-axşam. Gözüm ki bu qədər gözəllik görüb, Yaxşı ki, heyrətdən lal olmamışam!

Quraq olsa itirər, Yağar olsa bitirər. Fəslin üzü güləndə İlin bəxti gətirər.

Qonaq ol Xaçbulağa, Baş götür qaç bulağa. Elə ki, yandı qəlbin, Dərdini aç bulağa!

Axşam düşür, gecə keçir, Bu axarda, bu gedişdə Tanrı bilir, Kimin halı necə keçir.

Ömrə, günə balta çalar, Sərt fikirlər, düşüncələr. Dünya dərdi daşımaqdan Dağ üzülər, daş incələr!

Bir nadan qəlbimə yaman toxunub, Elə pərişanam, elə dalğınam, Özüm də bilmirəm kiməm, nəyəm mən? Çatın harayıma uca zirvələr, Qırx arşın quyunun dibindəyəm mən!

Bu gün uzaq gəzir, kənar dolanır, Dünən nəfəsimlə uyuyan gözəl. Kimin ürəyini isidir görən, Məndən yavaş-yavaş soyuyan gözəl.

Ayağımız da var, qanadımız da, Sürünmək də olar, uçmaq da olar. Bir nəslin gözünü bir bulaq kimi, Bağlamaq da olar, açmaq da olar.

Bahar havasında, bahar çağında, Cavan bir oğlanın vurğunluğu var. Payız mövsümündə, payız dəmində Qoca bir kişinin yorğunluğu var.

Əl yazır, ürək də gətirir yada, Könül nəğmələrin bolluğundadı. Dəftər də, qələm də, şam da, masa da, Hamısı şairin qulluğundadı!

Daş üstə daş qoymasan, Ad itər, san tapılmaz. Xatirəsiz bir ömrü Xatırlayan tapılmaz!

Bir əsgər ömrüdü ağsaqqal ömrü, Hər ürək bu yükü daşıya bilməz. Bir səngər ömrüdü ağsaqqal ömrü, O səssiz-səmirsiz yaşaya bilməz.

Açılan sabahlar, gələn soraqlar, Toya da çağırır, yasa da məni. Ömrümün-günümün qürub çağında Eynək də gözləyir, əsa da məni.

Kim gədədi, gədəsindən danışar, Kim dədədi, dədəsindən danışar. Nə dünəni, nə sabahı görməyən Öz vaxtından, vədəsindən danışar.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.