Tovuz görüşləri
Qanad açıb bu yerlərə gələndə mən, Təbiətin bahar çağı, yaz günüydü. Şeh içində alışırdı yenə çəmən, Çiçəklərin bir-birinə naz günüydü.
Dedim yenə baxım Əsrik dərəsinə, Azaflıda qarşıladı qovaq məni. Bələd oldum hər bəndinə, bərəsinə, Nəğmə dedim, bülbül saydı budaq məni.
Külək saldı buludları pərən-pərən, Əsrik çayı ildırımdan yüyrək idi. Öz ömrünü dağ başında günə verən Zirvə qarı anam kimi kövrək idi.
Dodaq vurdum yenə “Bahar bulağı”na, Ürəyimə nur süzülüb, nur axırdı. Uca dağlar baş əyəndə qonağına, Söz sinəmdə dəli çaydan gur axırdı.
Vurğun oldum bir könüldən min könülə, Yer bəzəndi gözəlliyin taxtı kimi. Şeir dedim “ağzı qanlı” qızılgülə, Açılmışdı gözəllərin bəxti kimi.
Daraq qaya sığallanıb, daraqlanıb, Kəmər qaya qurşamışdı kəmərini. Gözlərimdə kitabları varaqlanıb, Məmməd1 alıb burda şerin nəmərini.
1976 · 1 Məmməd İsmayıla işarədir.