Torpaq yanğısı
Bircə gün üzünə gülmədi həyat, Əlli il döyüşdü Yasir Ərəfat. Yollar yeriməkdən yol qabar oldu, “Azadlıq!” deməkdən dil qabar oldu. Yorulmaq bilmədi “Vətən!” deməkdən, “Hanı insaf?” dedi, “hanı din?” dedi. Səsi yetişmədi kar qulaqlara, “Fələstin!” söylədi, “Fələstin!” dedi. Dil açıb dinəndə dili titrədi, Əlini tərpətdi, əli titrədi, Düşdü qapı-qapı qürbət ellərə, Üzündə həsrətin yeli titrədi. Onu qoymadılar dövlət olmağa, Qaldı gözlərində bayraq yanğısı. Dəldi ürəyini torpaq yanğısı, Deşdi kürəyini torpaq yanğısı. Bədbəxt yer üzünə qədəm basanda, Doğulur, yatmağa beşiyi olmur. Küməsi dağılır, koması uçur, Bir yurdu, bir evi, eşiyi olmur. Ayaq var, geyməyə ayaqqabı yox, Baş var, geyinməyə papağı yoxdur. Allahın altında bir qarış yeri, Əkməyə bir ovuc torpağı yoxdur.
Bədbəxtlik bədbəxtin başından basır, Qara gün özündən qabaq doğulur. Müqəddəs analar məndən küsməsin, Bədbəxt doğulanlar nahaq doğulur. Dodağı qurusa, su verən olmur, Gözünü göynədir bulaq yanğısı. Taleyi üzünə gülməyən kəsin Yandırır canını torpaq yanğısı.
Torpağı əlindən gedən kimsələr Min il yaşasa da mənası yoxdu. Ocağı alışmaz, Günəşi doğmaz, Dünya var, dünyada dünyası yoxdur. Məzarı yad yerdə qazılanların Əvvəli olsa da, sonrası yoxdu. Çox olar yetimə “gəl-gəl” deyənlər, Çörək verənlərin sayı az olar.
Qazancı qapazdı, yediyi yumruq, Tanınmaq istəyər, tanınmaz olar. Arxası olmayan millətə yazıq! Meydanda tək qalan qeyrətə yazıq! Vətən deyiləndə vətənsiz bilər, Nədir dil yanğısı, dodaq yanğısı. Hamının canında torpaq eşqi var, Hamının canında torpaq yanğısı!!!
Arxalı köpəklər səs-səsə verdi, Cumdu irəliyə qurd basa-basa. Günbəgün çoxaldı xarabalıqlar, Yurdumu aldılar yurd basa-basa. Budur yağıların fikri, niyyəti, Budur düşmənlərin mədəniyyəti. Haqqını deməyə haqqın çatmasın, Ağzın qıfıllansın, mumlansın gərək. Şəhid məzarından əsər qalmasın, Kotanlar ağzında şumlansın gərək. Nə böyük dəhşətdi, nə böyük ağrı, Gözün görə-görə torpağın gedə. Səni basdırmağa torpaq olmaya, Ağacın quruya, suyun kəsilə, Üstündə kölgəlik budaq olmaya. Nahaqqın əlində oyuncaq olub Haqqına can atan bu haqq yanğısı. Bu gün yer üzündə bircə yanğı var, Torpaq yanğısıdı, torpaq yanğısı.
Torpağın yoxdursa, əl üz həyatdan, Doğulma, böyümə, yaşama, ölmə! Dünyadan getməyə yerin yoxdusa, Başını ağrıdıb dünyaya gəlmə. Gəldinsə qurtardı, axırın itdi, Yağış yağmayacaq, nur yağmayacaq, Hər gün daş yağacaq daşının üstə, Qarğa qarıldayıb, bayquş ötəcək, Yarasa gəzəcək başının üstə. Ağırdı zamanın, vaxtın şərtləri, Bilirəm, bilirəm mən bu dərdləri. Çoxdan tanıyıram bu alçaqları, Çoxdan tanıyıram bu namərdləri. Torpaq itirənin biri də mənəm, Yandırır əlimi varaq yanğısı, Bu gün mən özüm də başdan-ayağa Torpaq yanğısıyam, torpaq yanğısı.
2004, 7 noyabr Almaniya, Bilefild