Əsas məzmuna keç

Heca şeiri

Torpaq sevgisi

Zəlimxan Yaqub

1

Qalxır təyyarəmiz göyün üzünə, Uçuruq Parisdən Bakıya sarı. Qaldırır buluda, endirir yerə, İnsanı insanın yaratdıqları.

Sayıram qəlbimdə saniyələri, Keçir hər dəqiqəm bir saat kimi. Uçmaq istəyirəm uçaqdan qabaq, Gərilir qollarım cüt qanad kimi.

İlahi, qəriblər nə çəkir görən, Mən ki yeddicə gün qürbət görmüşəm. Ürəyim sıxılır Vətəndən ötrü, Nə olsun qürbətdə cənnət görmüşəm.

Yaxşı ki, üz tutub, yön çevirməyə, Yuva var, ocaq var, ev var, eşik var. Gəl deyib insanı bağrına basan, Şirin bir layla var, isti beşik var.

Heç ola bilərmi yananda insan, Yadına çay gəlib, bulaq düşməsin? Gəzib-dolansa da uzaq elləri, Heç kəs öz elindən uzaq düşməsin.

1999 Paris

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.