Əsas məzmuna keç

Qoşma

Torpaq məni yaman çəkir özünə

Zəlimxan Yaqub

1

Son payızın çiçəyinə dönmüşəm, Torpaq məni yaman çəkir özünə. Kövrəklərin kövrəyinə dönmüşəm Torpaq məni yaman çəkir özünə.

Boran görmüş Lələ mənəm dünyada, Kərəm çəkən nalə mənəm dünyada. Yazıq Qərib elə mənəm dünyada, Torpaq məni yaman çəkir özünə.

Qartal çəkir, qaya çəkir, daş çəkir, Gül anamın gözündəki yaş çəkir. Fikrim hər gün doğma yurda baş çəkir, Torpaq məni yaman çəkir özünə.

Qalmır canda nə dözümüm, nə tabım, Boş hay-küydən nə tapmışam, nə tapım. Gündən-günə çoxaldıqca əzabım, Torpaq məni yaman çəkir özünə.

Görüşəndə ləzzətini çəkirəm, Ayrılanda həsrətini çəkirəm, Vuruşanda qeyrətini çəkirəm, Torpaq məni yaman çəkir özünə.

Çaylağı da, çəməni də mənimdi, Qürbəti də, vətəni də mənimdi, Bələyi də, kəfəni də mənimdi, Torpaq məni yaman çəkir özünə.

Gözdə çiskin, dağda duman çoxalır, Məndən küsən, məndən uman çoxalır, Qəbirlərin sayı yaman çoxalır, Torpaq məni yaman çəkir özünə.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.