Torpaq kimi
Təbiətin min nəğməli səsiyəm, Bulaq eşqim, çay həsrətim, göl məzəm. Demək hələ yer üzündə tufan var, Nə zaman ki danışmazam, dinməzəm.
Toya, yasa, dərdə, kefə gəlmişəm, Bir şərəfdi, bu şərəfə gəlmişəm. Mən dünyaya bircə dəfə gəlmişəm, Bir də daha gəlməzəm ki, gəlməzəm.
Çiçək oldum, çəmənimi böldülər, İnsan oldum, bədənimi böldülər, Çox da mənim Vətənimi böldülər, Mən özümü bölməzəm ki, bölməzəm.
Nələr salır ömür yada, gün yada, Bizlə enir, bizlə qalxır dünya da. Dağlar kimi ucaldımsa dünyada, Torpaq kimi ölməzəm ki, ölməzəm!