Əsas məzmuna keç

Qoşma

Torpaq

Zəlimxan Yaqub

2

Bax buna deyərəm torpağa sevgi, Sevəndə torpağı belə sevərlər. Güvənib gövdəyə, bağlanıb kökə, Ağacı, yarpağı belə sevərlər.

Burnunda çiçəyi, gülü qorunar, Altında məxməri, tülü qorunar. Ətəyi yellənər, əli qorunar, Bar verən budağı belə sevərlər.

İpə də, sapa da, çöpə də sevgi, Bu dağ da, bu daş da, təpə də sevgi. Dalğa da, damla da, ləpə də sevgi, Çeşməni, bulağı belə sevərlər.

Halal zəhmətindən bar dərə-dərə, Xalqın taleyini tutarlar zərə. Yurdunda bir cənnət yaradıb hərə, Hər küncü-bucağı belə sevərlər.

Yaşıl tarlasında alaq görmədim, Qara yollarında yalaq görmədim. Nə gördüm bütövdü, calaq görmədim, Qurulan növrağı belə sevərlər.

Çöllərə baxıblar, çöllər varlanıb, İsti baxışlardan gül xumarlanıb. Əllər sığal çəkib, daş tumarlanıb, Yurd adlı çırağı belə sevərlər.

Allahı qanundu, tanrısı qayda, Gözü yox heç kəsin verdiyi payda. Dövlətsiz dövlətdən kimə nə fayda, Sərhədi, bayrağı belə sevərlər!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.